İslamda qadın haqları


Digərləri 10 Yan 2019 07:01:00 491 0

İslamda qadın haqları

Əziz möminlər!

Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).

İslamda ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır".

Son.az islam.az-a istinadən bildirir ki, ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir.

Hörmətli müsəlmanlar!

Qadınlar Uca Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, sevimli Peyğəmbərimiz (s.ə.s.) də Vida xütbəsində "Qadınlar sizə Allahın bir əmanətidir" deyə buyurmuşdur.