Taxtadan hazırlanmış ən böyük Quran bu ölkədədir


Digərləri 09 Yan 2019 21:45:00 475 0

Taxtadan hazırlanmış ən böyük Quran bu ölkədədir

Dünyada Müqəddəs Qurani-Kərimin müxtəlif materiallardan hazırlanmış, gözəl bəzədilmiş və yetərincə sadə tərtib edilmiş çoxlu sayda böyüklü-kiçikli nüsxəsi var. Son.az AZƏRTAC-a istinadən bildirir ki, taxtadan hazırlanmış ən böyük Quran İndoneziyanın Sumatra əyalətindəki Palembanq şəhərindədir.

Taxta Quranın hündürlüyü 1,77 metr, eni 1,40 metrdir. Müqəddəs kitabın bu nüsxəsinin yaradılması üzərində 43 yaşlı xəttat Şofvatilla Mohzaib çalışıb. Kitabı şəxsi ianələr, o cümlədən tanınmış mesenatların maddi yardımı sayəsində ərsəyə gətirən xəttat 30 cüzün (hissə) hamısını hazırlamaq üçün 9 il vaxt sərf edib. Kitab embusu [Fagraea Fragrans) ağacından hazırlanıb. Şofvatilla möhkəmliyinə görə məhz bu ağacı seçib. Sumatranın cənubunda embusudan ağac üzərində oyma işlərində və mebel hazırlanmasında istifadə olunur.

Xəttatın sözlərinə görə, taxta Quran yaratmaq ideyası Palembanq "Əl-Əkbər" məscidində xəttatlığı öyrənəndə yaranıb. Bu işə bir il sonra "Əl-Fatihə" surəsindən başlayıb. Əvvəlcə mətni karton üzərinə köçürüb. Mətnin dürüstlüyünü mütəxəssislərin yanında təsdiq etdirəndən sonra kalka vasitəsilə taxta üzərinə köçürüb. Müqəddəs kitabın bir səhifəsinə bir ay vaxt sərf edib. Taxta Quranın rəsmi təqdimatı 2011-ci ildə olub. İndoneziyanın o vaxtkı prezidenti Susilo Bambanq Yudoyono mərasimdə iştirak edib. Quranın bu nüsxəsi "Əl-Əkbər" ( Böyük) adlandırılıb.