Bakının hotelləri boşalıb


Digərləri 09 Yan 2019 20:10:00 205 0

Bakının hotelləri boşalıb

Ötən ilin ortalarından başlayaraq Azərbaycana xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur.

Son.az xəbər verir ki, bu barədə fed.az-a bu sektordakı mənbələr bildirib.

Turizm eksperti Firdovsi Xəlilov bildirib ki, bir neçə il əvvəl - 2015-2016-cı illərlə müqayisədə ölkəmizə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var:

"2015-16-cı ilin yanvarında artıq hotellərimiz mart ayına, Norvuz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib".

Ekspertin sözlərinə görə, turizm axınının böyük hisəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm də yüksək və orta qiymətli hotellərdə yaşayırdılar:

"İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq hotellərdə qalırdılar".

İndi isə vəziyyət dəyişib. Yanvar ayı olmasına baxmayaraq Novruz bayramı üçün hotellərin heç də hamısı tutulmayıb:

"Turistlərin sayı 70-80% daha azdır. Hətta 40-50 dollarlıq hotellər də boşdur".

Ekspetin sözlərinə görə, hazırda Azərbaycana gələn ərəb turistlərinin əksəriyəti Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gəlir:

"Amma Dubaydan gələnləri biz "28 Mall" və ya "Gənclik Mall"la təəccübləndirə bilmərik, onlar bu məsələlərin ən yaxşılarını görüblər".

F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub:

"Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə iranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb". 

Ekspert deyir ki, hazırda iranlılar Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar:

"Onların nə hiss etdiyini biz də başa düşə bilərik. 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu, özünü turizmdə də göstərir".