Yaxın Şərqdə yeni qüvvələr nisbəti:


Dünya 09 Yan 2019 19:53:00 226 0

Yaxın Şərqdə yeni qüvvələr nisbəti:

Siyasətdə gözlənilməz qərarlar həmişə ola bilir. Bu dəfə dünyanı Donald Tramp təəccübləndirdi. O, Amerika qoşunlarının Suriyadan çıxarılacağını bəyan etməklə meydana çoxlu sayda suallar çıxardı. Hələ bu proses nə başlayıb, nə də başa çatıb. Ancaq ekspertlər onun geosiyasi nəticələri ilə bağlı proqnozlar verirlər. Onların təhlili göstərir ki, əslində, regionda geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Böyük dövlətlər kartlarını heç də açmırlar. Onların hərəkətləri daha çox qarşı tərəfin fikrini öyrənməyə yönəlmiş manevrləri xatırladır. Bu baxımdan yaranmış mənzərə xeyli düşündürücüdür. Belə görünür ki, Yaxın Şərqdə bütövlükdə ümumi geosiyasi mənzərəni dəyişə biləcək proseslər gedir. Onların mümkün nəticələri ekspertlər üçün maraqlıdır. Hansı qüvvələr nüfuzunu artıracaq? Bu vəziyyətə Amerika necə reaksiya verə bilər? Bu kimi suallara cavablar üzərində geniş dayanmağa ehtiyac gördük.

Trampın sürprizi: hansı məqsədi güdür?

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan Amerika hərbi kontingentinin çəkiləcəyi ilə bağlı bəyanatından sonra qlobal miqyasda bir çaşqınlıq yarandı. Müxtəlif ölkələr buna dərhal reaksiya verdilər. Hər şeydən öncə, aydın oldu ki, Amerikanın Yaxın Şərqdə geosiyasi təsiri son dərəcə güclüdür. Çünki hətta böyük dövlətlər belə sual etdilər: yaranacaq boşluq necə doldurulacaq? ABŞ-ın özündə isə siyasətçilər xeyli narahatdırlar. Bir qismi etiraz etdi, digərləri Vaşinqtonun strateji düşündüyünü ifadə etdi.

Rusiya ilə Fransanın reaksiyası da maraqlı oldu. Prezident Emmanuel Makron ABŞ dövlət başçısının qərarını tənqid edib onu məsuliyyətsiz adlandırdı. Dərhal da ifadə etdi ki, Fransa boşalan yeri doldurmağa hazırdır. Buna Suriyadakı əşirətlər təşkilatından etiraz oldu. Onlar Fransanı terrorçulara yardım etməkdə ittiham edib faktiki olaraq ona savaş mesajı verdilər.

Rusiya isə daha incə tərpəndi. Moskva öncə Vaşinqtonun verdiyi vədə əməl edəcəyinə şübhə ilə yanaşdığını bəyan etdi. Rusiya siyasiləri bəyan etdilər ki, Amerika rəhbərliyinin Suriyadan çıxmaq adı altında nələri nəzərdə tutduqları məlum deyil. Bu səbəbdən də hələ gözləmək lazımdır.

Bunların fonunda İran və Türkiyənin D.Trampın vədinə münasibəti daha çox maraq doğururdu. Maraqlıdır ki, İran susdu. Ciddi bir fikir bildirmədi. Bu o deməkdir ki, Tehran Amerikanın Suriyanı tərk etməsini istərdi, lakin buna əmin deyil. ABŞ qoşunlarının Suriyadan çıxarılmasını kompensasiya edəcək bir planın olacağına Tehran əmindir. Deyək ki, bu bənddə Moskva ilə Tehranın mövqeyi üst-üstə düşür.

Türkiyə isə daha coşqulu reaksiya verdi. Öncə mediada informasiya yayıldı ki, D.Trampı bu qərara təhrik edən Rəcəb Tayyib Ərdoğan olub. Türkiyə Prezidenti qətiyyətli və konkret mövqeyi ilə yüksək iradə nümayiş etdirməklə D.Trampa psixoloji təsir göstərərək ona Suriyadakı real vəziyyəti anlada bilib. O cümlədən R.T.Ərdoğan sübut edib ki, Türkiyə təkbaşına İŞİD-in olan-qalan hissəsini də darmadağın edə bilər.

Ancaq çox keçmədi ki, bu informasiyanın bir qədər şişirdilmiş olduğu aydınlaşdı. Çünki D.Tramp atdığı addımın arxasında duran məqamları anlatdıqca, mənzərə daha da konkretləşdi. Məsələnin bu tərəfinə bir qədər sonra qayıdacağıq. Burada isə onu vurulayaq ki, digər böyük dövlətlərdən fərqli olaraq, Ankara ABŞ-ın bu addımını birmənalı təqdir etdi. Yüksək səviyyədə ifadə edildi ki, Amerika strateji baxımdan doğru addım atıb və onu reallaşdırmaq gərəkdir. Ekspertlər sual edirlər: Türkiyə niyə D.Trampa inandı, halbuki, əksər böyük dövlətlər vəziyyətə şübhə ilə yanaşdılar?

Burada ilk növbədə Türkiyənin Suriya səhnəsindəki vəziyyəti real dəyərləndirməsi diqqəti çəkir. Amerikanın öz əsgərini nə zaman döyüş meydanından çəkməsindən asılı olmayaraq Ankara şans əldə edir. Birincisi, aydınlaşır ki, Vaşinqton terror qrupları ilə sona qədər yol getməyib uyğun geosiyasi şərtlər yarandıqda onlara arxa çevirə bilər. "Əl-Qaidə" və İŞİD-lə bağlı vəziyyətdə olduğu kimi. İkincisi, Türkiyə yaranmış vəziyyətdən istifadə edərək iki aspektdə avantaj əldə edir. Onlardan biri Suriyaya hərbi müdaxilə üçün əsasın yaranmasıdır, çünki bölgədə boşluq doldurulmalıdır və bunu niyə Suriyanın ən yaxın qonşusu etməsin? Əgər həmin statusa uzaq Rusiya və ya Fransa iddia edirsə, Türkiyə niyə iddia etməsin? Həm də Yaxın Şərqdə bu statusa iddia edə biləcək ikinci dövlət yoxdur. İran zatən təcrid olunub. Səudiyyə Ərəbistanı özünü nüfuzdan salıb. Misir o gücdə deyil. Qalır Türkiyə!

Yeni liderlik uğrunda: yarış gərginləşir