"Mənim komandamda dini təriqət söhbəti ola bilməz"


Digərləri 09 Yan 2019 19:50:00 567 0

"Mənim komandamda dini təriqət söhbəti ola bilməz"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Son.az report-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə təlim-məşq toplanışı barədə danışıb.

- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün "Qaradağ Lökbatan"la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı analiz edəcəyik. Heyətdə 3 yeni futbolçu var. "Zirə"dən Vüsal İsgəndərlini, Türkiyənin BAL Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın "Kaysar" klubundan Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. Beş günlük tsikli normal başa vurmuşuq. Üç gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik.

- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiniz?

- Onun oyununa baxmışıq. Noyabrda "Kaysar"ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz Kamara oldu. Təxminən, 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.

- Litvanın "Jalqiris" klubunfan Jeremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədir?

- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdur. Həm də seçim qarşısındadır, vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətin qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Lakin təəssüf ki, məsələyə nöqtə qoyulub.

- Bir pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?

- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni, qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.