Nazim İbrahimovun qardaşının məhkəməsində prokuror: "Məlum oldu ki, mənzil daha 3 nəfərə satılıb"


Digərləri 09 Yan 2019 13:14:00 358 0

Nazim İbrahimovun qardaşının məhkəməsində prokuror: "Məlum oldu ki, mənzil daha 3 nəfərə satılıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Babayeva bildirib ki, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata alıb: "Bizi istintaqa çağıranda bildik ki, mənzili başqa şəxslərə də satıblar".

Prokuror qeyd edib ki, S.Babayevanın aldığı mənzil daha 3 nəfərə satılıb. Zərərçəkmiş isə bundan xəbərsiz olduğunu, heç bir şikayət və tələbinin olmadığını söyləyib.

Prosesdə zərərçəkmiş Gülbacı Hüseynova ifadəsində deyib ki, həyət evlərini S.İbrahimova verib, əvəzində ona 8 mənzil vəd edilib: "Bu barədə Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Bundan sonra zərərimiz ödənildi və şikayətim yoxdur".

Zərərçəkmiş Mədinə Bağırova isə bildirib ki, 2015-ci ildə Xətai rayonunda Məzahir Cəfərovdan 74 min manata ev alıblar. İstintaq dövründə evlərinin başqa şəxslərə satıldığını öyrənən zərərçəkmiş bildirib ki, hazırda da həmin mənzildə yaşayırlar.

Növbəti proses yanvarın 16-na təyin edilib.