2018ci ildə Avropanın ən yaxşı maliyyə naziri


Digərləri 09 Yan 2019 03:30:00 197 0

2018ci ildə Avropanın ən yaxşı maliyyə naziri

Britaniyanın "Financial Times" qəzetinin əlavəsi olan nüfuzlu "The Banker" maliyyə jurnalı Portuqaliya Respublikasının maliyyə nazirinin fəaliyyətini yüksək qiymətləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəşr Mariu Sentenunu 2018-ci ildə Avropanın ən yaxşı maliyyə naziri adlandırıb.

Jurnal yazır ki, Mariu Sentenu Avroqrupun Cənubi Avropa ölkəsindən və "xilasetmə" tədbirlərinə məruz qalmış ölkədən olan ilk lideridir. "The Banker" Portuqaliya iqtisadiyyatının bərpa olunmasını da yüksək qiymətləndirib. Portuqaliyada 2013-cü ildə 17 faiz səviyyəsində olan işsizlik azalaraq 7 faizdən aşağı düşüb, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamaları Portuqaliyada ümumi daxili məhsulun 2019-cu ildə, eləcə də 2020-ci ildə 2 faiz artacağını proqnozlaşdırır.

Yazıda deyilir: "Harvard Universitetində elmlər doktoru dərəcəsi almış portuqaliyalı iqtisadçının seçilməsi Portuqaliya iqtisadiyyatının inanılmaz şəkildə bərpasının təsdiqidir".

M.Sentenunun Avroqrupun başçısı vəzifəsində ilk 12 ay ərzində gördüyü işi yüksək qiymətləndirən "The Banker" yazır: "Avrozona ölkələrinin maliyyə nazirlərinin dekabrın əvvəlində iştirak etdikləri danışıqlar marafonu vahid valyuta blokunda suveren borcun böhranı dövründən etibarən ən əhəmiyyətli islahatlara gətirib çıxarıb".