Azərbaycanda morqda qadın meyitlərini kim yara bilər?


Digərləri 08 Yan 2019 22:05:00 416 0

Azərbaycanda morqda qadın meyitlərini kim yara bilər?

Ölüm haqdır və vaxtı gələndə öz haqqını tələb edir, deyirlər. Lakin elə ölümlər var ki, onun səbəbi bilinmədiyi üçün adını "müəmmalı ölüm" qoyur və nədən baş verdiyini aydınlaşdırmağa çalışırıq. Bunun üçün həm qanuni, həm də tibbi yol meyitin yarılmasıdır.

Meyitin yarılması prosesi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır desək, yanılmarıq. Bir çox hallarda ölən şəxsin yaxınları buna razı olmadıqları üçün narazılıq edir, hətta bu məsələ böyük mübahisələrə də gətirib çıxara bilir.

Son.az sia.az-a istinadən xəbər verir ki, aparılan ümumi sorğuya əsasən, vətəndaşlarımız meyitin yarılmasını düzgün hesab etmirlər.

Sorğu iştirakçılarının əksəriyyəti insan öldükdən sonra onun hansı səbəbdən dünyasını dəyişməsinin əhəmiyyət kəsb etmədiyi bildirir və öldükdən sonra haqq dünyasına parçalanmadan getməsini bildirsələr də, digər hissəsi lazım gəldiyi təqdirdə, səbəblərin araşdırılması zərurəti baxımından bunun düzgün olaraq həyata keçirildiyini bildiriblər.

Sorğu iştirakçıları arasında narazılıq yaradan məqamlardan biri qadın meyitlərinin yarılması prosesində iştirak edən ekspertlər arasında qadınların azlıq təşkil etməsidir. Sorğu iştirakçıları qadın meyitlərinin məhz qadın ekspertlər tərəfindən yarılmasını həm dini, həm də mənəvi baxımdan düzgün hesab ediblər.

Görəsən, ölkəmizdə qadın ekspertlərinin sayı yetərlidirmi?

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov söyləyib ki, Azərbaycan məhkəmə-tibbi ekspertizasında qadınların sayı çoxdur:

"Xanım ekspertlər arasında həm laboratoriyalarda çalışan, həm də meyit müayinələri ilə məşğul olanlar var".

"Meyit müayinəsi genderə bölünmür"

Onun sözlərinə görə, meyitlərin müayinəsi zamanı bu sahə genderə bölünmür:

"Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da qadın meyitləri cinsindən asılı olmayaraq, həm qadın, həm də kişi ekspertləri yara bilər. Əgər ölən şəxs kişidirsə, onu qadın, qadındırsa, onu kişi ekspert yara bilər. Lakin bizim işimiz istintaq işi ilə əlaqədar olduğundan ekspertlərimiz mətbuata çıxa bilmir. İstintaq işinin yayılmasına görə ekspertlərimizə cinayət işi qaldırıla bilər".

Gənc xanımlar bu sahəyə maraq göstərirmi?

Gələcək tibbi ekspert və cərrahların hazırlandığı Tibb Universitetinin mətbuat katibi Günel Aslanova söylədi ki, ali məktəbin Patoloji anatomiya kafedrası tərəfindən bu günədək yüzlərlə tibb kadrlar və elmi işçilər yetişdirilib ki, onların içərisində xanımların sayı az deyil:

"Patoloji anatomiya kafedrasının əməkdaşları elmi-pedaqoji işlə yanaşı, ölkədə patoloji anatomik xidmətin təşkilində də fəal iştirak edirlər. Bu sahə üzrə təhsil alan xanımlardan kafedrada qalıb çalışmağa üstünlük verənlər də olur. Amma ümumilikdə, bu sahə üzrə təhsil alan xanımlar müxtəlif laboratoriyalarda, Səhiyyə Nazirliyinin müxtəlif ekspertiza mərkəzlərində fəaliyyətlərini davam etdirirlər. Hətta xanım ekspertlərimiz arasında fəaliyyətini xarici ölkədə davam etdirənlər də olur".

"Bu tədris ilində 10 rezident xanım patoloji anatomiyanı seçib"

G.Aslanova qeyd edib ki, son dövrlərdə xanım tələbələr tərəfindən bu sahəyə maraq artmaqdadır:

"Bu il 13 nəfər bu ixtisas üzrə rezindentura təhsilini davam etdirmək qərarına gəlib ki, onların 10 nəfərini qızlar təşkil edir. Kafedranın işçiləri patoloji anatomiya elminin incəliklərini tələbələrə çatdırmaq üçün öz pedaqoji ustalıqlarını daim artırmağa çalışır".