Ötən il “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub


Digərləri 08 Yan 2019 19:15:00 387 0

Ötən il “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Bakı. 2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Xüsusilə də uşaqların məktəb həyatının başladığı dövrlərdə onlarda izlənilən həyəcan, özünəqapanıqlıq, qorxu, aqressiya valideynlər tərəfindən böyük narahatlıq və təlaşla qarşılanır, uşaqlara qarşı məhz bu səbəbdən kobud davranılır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkən yeniyetmələr də üstünlük təşkil edir. Problemin səbəbi isə uşaqların valideyn və yaşıdları ilə münasibətdə yaşadıqları fikir ayrılıqları və buna qarşı özünümüdafiə mexanizmi kimi istifadə etdikləri aqressiya görünür. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipi – məxfilikdir. “Uşaq Qaynar Xətti” xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır.