Azərbaycan jurnalistləri 2018ci ildə: JuHİ illik hesabatını açıqlayıb


Digərləri 08 Yan 2019 15:27:00 227 0

Azərbaycan jurnalistləri 2018ci ildə: JuHİ illik  hesabatını açıqlayıb

Azərbaycan jurnalistləri 2018-ci ildə

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci il üzrə sosial durumuna və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

Son.az bildirir ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər (ümumilikdə 54 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2018-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

Əmək müqavilələri, işsizlikdən sığorta

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar  əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də təsir edib, tendensiya media müstəvisində  də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində dinamika müşahidə edilib. Sorğuya cəlb edilənlərin 95  faizi (2017-ci ildə 93%, 2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma 2018-ci ildə  bu istiqamət üzrə  irəliləyişlərlə yanaşı, narahatlıq doğuran  məqamlar da ortaya çıxıb:

-  Əvvəlki illərdə bu sahədə əsas problem fərdi əmək müqavilələrinin müddətli bağlanılması idi. Azərbaycan Əmək Məcəlləsinin  45-47 maddələri  daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verilirdi ki, bu da işəgötürənin xeyrinə olaraq,  həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. 2018-ci ildə ortaya çıxan məqam budur ki, işçilərin bir qisminə müddətli və müddətsiz fərdi əmək müqaviləsi, digər qisminə isə "xidmət müqaviləsi" tətbiq edilir. Jurnalistlərə  "Xidmət müqaviləsi"nin  tətbiq edilməsi jurnalistlərin böyük bir qisminin əmək  hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında  jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edir. 2018-ci ildə bəzi redaksiyalarda, xüsusən televiziya şirkətlərində aparılan ixtisarlar zamanı  bu məqam özünü  qabarıq şəkildə biruzə vermişdir.

-  Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də   aktual olaraq qalır. Bu isə qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin  pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında  işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərəcək amillərdən biridir.