Teztez xəstələnən uşaqlar


Digərləri 07 Yan 2019 22:32:00 253 0

Teztez xəstələnən uşaqlar

Hər mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, payız-qış mövsümündə əhali arasında ən çox yayılan kəskin respirator xəstəliklərdir. Kəskin respirator xəstəliklər bir neçə kəskin infeksiyanın ümumi adıdır. Bunlar üç ümumi əlamət ilə birləşmiş xəstəliklər qrupudur.

1. Onlar infeksion mənşəlidir: viruslar və bakteriyalar tərəfindən törədilirlər.

2. Xəstəlik törədiciləri orqanizmə hava-damcı yolu ilə tənəffüs sistemi vasitəsilə keçirlər.

3. Kəskin respirator xəstəliklər zamanı (KRX)  birinci növbədə məhz tənəffüs üzvləri zədələnir (buna görə respirator xəstəliklər adlandırılırlar).

KRX  yer kürəsində ən çox yayılmış xəstəliklərdir. Dünyada hər il 1mlrd-dan çox xəstəliyə yoluxma halları qeyd olunur. KRX ən çox uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan körpələr nadir hallarda xəstələnir,  çünki onlarda transplasentar (anadan uşağa keçən) passiv immunitet saxlanılır. Amma  passiv immunitet olmadıqda bu yaşda  uşaqlarda xəstələnə bilər.

Uşaq yaşlarında xəstələnmə halları ən çox 6 ay - 3 yaş arası uşaqlarda təsadüf edir. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Bu yaş aralığında uşaqların tez-tez xəstələnməsi valideynləri çox narahat edir. "Tez-tez xəstələnən uşaqlar" dedikdə 1 yaşa qədər uşaqların ildə 4 dəfədən çox, 2-5 yaşda 5-6 dəfədən çox xəstələnməsi nəzərdə tutulur. Əslində sağlam, normal inkişaf edən bir uşaq üçün bu qorxulu hal deyil.

Belə ki, uşaqlarda anadan transplasentar yolla alınan passiv immunitet 6 aylığında itir. Bu səbəbdən 6 aylıqdan sonra uşaq orqanizmi tanış olmayan  törədici ilə rastlaşdıqda xəstələnir, nəticədə onun öz immuniteti formalaşmağa başlayır. Sözsüz, əgər uşaq bu xəstəlikləri yüngül, ağırlaşmasız keçirərsə, qorxmamalıyıq! Lakin qorxmamaq həkimə müraciət etməmək demək deyil.

Bəzən valideynlərin uşağın qızdırması qalxan kimi "qızdırma salan dərmanlardan", antibiotiklərdən  istifadəsi tez sağalmaya yox, immun sistemin zəifləməsinə gətirir. Beləliklə, uşaq növbəti dəfə daha ağır xəstələnə bilər. Həkimdən düzgün məsləhət alaq, uşaqların sağlam böyüməsinə maneə olmayaq.

Bundan başqa, aşağıdakı hallar da  uşaqların tez-tez xəstələnməsinə və xəstəliyin ağır keçməsinə səbəb olur:

- Doğularkən uşağın döşə gec qoyulması, süni qidalara üstünlük  verilməsi

- Anemiya (daha çox dəmir defisitli anemiya)

- Raxit

- Hipotrofiyalar  (çəkinin normadan az olması)

- Dölün bətndaxili hipoksiyası

- Bətndaxili infeksiyalar, yenidoğulmuşun hemolitik xəstəliyini keçirmiş uşaqlar

- Bağırsaq disbiozu

- Həyat şəraitinin qeyri-kafi olması