Bu gün dünya şöhrətli geoloq Mirəli Qaşqayın doğum günüdür


Digərləri 07 Yan 2019 21:11:00 240 0

Bu gün dünya şöhrətli geoloq Mirəli Qaşqayın doğum günüdür

Akademik Mirəli Qaşqay ölkəmizdə mineralogiya-geokimya və petrologiya-metollogeniya elmi məktəblərinin əsasını qoyanlardan biri olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 7-si dünya şöhrətli geoloq, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəli Qaşqayın doğum günüdür.

O, 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb. Moskva şəhərində SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının iclasında "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən "Dünya alunit yataqlarının tədqiqi" ikicildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib.

Akademik M.Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. M.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olub. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində M.Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik edib və böyük bir məktəb yaradıb.

M.Qaşqay 1942-ci ildə "Azərbaycanın əsas və ultrahəssas süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlar" adlı doktorluq dissertasiyası müdafiə edib. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü və birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru olub.

Görkəmli alim Britaniya, İrlandiya və ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Paquoş Sülh Konfransının işində iştirak edib. Onun "Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında" və "Ərəb şərqi və onun təbii sərvətləri" mövzularında çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olub.

M.Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına ("Kim kimdir" - Avstriya, "Kim kimdir" - ABŞ, Çikaqo) daxil edilib.