Rüşvət alan məmurun məhkəməsində şahid: Vətəndaş layihəyə görə pul ödəyib


Digərləri 07 Yan 2019 16:45:00 182 0

Rüşvət alan məmurun məhkəməsində şahid: Vətəndaş layihəyə görə pul ödəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Xətai Rayon İcra Hakimiyyətinin mühəndisi Qaçay Əzizli bildirib ki, zərərçəkmiş Elsevər Rufullayev işlədiyi şöbəyə müraciət edərək rayon ərazisində tikinti aparmaq istədiyini deyib: "O, obyektin eskiz layihəsini çəkdirmək istədi. Dedi ki, onu Xalid Məmmədov göndərib. Mən də Xalid müəllimə zəng edib maraqlandım. Xalid müəllim deyəndən sonra eskiz layihəni hazırladım". Q.Əzizli qeyd edib ki, eskiz layihənin hazırlanması üçün əraziyə baxış keçirilib, kommunal xətlərin oradan keçib-keçmədiyi araşdırılıb və layihə hazırlanıb. Q.Əzizli deyib ki, eksiz layihəsi hazırlandıqdan sonra vətəndaş tərəfindən icra hakimiyyətinə təqdim edilir və bundan sonra tikinti ilə bağlı sərəncamla çıxarış verilir. O, eskiz layihəni Xalid Məmmədovun tapşırığı ilə yerinə yetirdiyini təsdiqləyib: "Xalid Məmmədovu rəsmi şəxs, rəis müavini kimi tanımışam və ona görə də onun sözünə əməl etmişəm. Əgər belə bir tapşırığı başqa bir şəxs versəydi, onu yerinə yetirməyəcəkdim". Q.Əzizli eskiz layhəsinin hazırlanması üçün vətəndaşların pul ödədiyini bildirib. Məhkəmədə elan olunub ki, növbəti proseslərdə cinayət işində adı keçən Q.Əzizlinin çalışdığı şöbənin müdiri və icra hakimiyyətinin memarı da dindiriləcək.