2018ci ildə Azərbaycan Gimnastika Federasiyasının UĞURLARI


Digərləri 07 Yan 2019 10:12:00 250 0

2018ci ildə Azərbaycan Gimnastika Federasiyasının UĞURLARI

Azərbaycan Gimnastika Federasiyası (AGF) bir çox uğurları ilə yadda qalan 2018-ci ilə yekun vurub.

Son.az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, ötən il Bakıda gimnastikanın 3 növü üzrə Dünya Kuboku təşkil olunub. İlk olaraq, 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası üzrə Dünya Kuboku baş tutub. Növbəti aylarda təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kubokunda 26, ilk dəfə təşkil etdiyimiz akrobatika gimnastikası üzrə Dünya Kubokunda isə 7 ölkə iştirak edib.

Dünya kubokları ilə yanaşı, keçən il Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "AGF Junior Trophy", "GymBala" adlı beynəlxalq turnirlər, həmçinin Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatı təşkil olunub.

Bakıda ilk dəfə təşkil olunan batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı məhz ilin ən yadda qalan yarışlarından biri oldu. 25 ölkə, 400-dən çox gimnast, yüksək təşkilatçılıq, sinxron cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryovadan gümüş medal və nəhayət, Avropa çempionluğunu qazanan gimnastımız Mixail Malkin! Bütün bunlarla yanaşı, ilk dəfə bu çempionatda tamaşaçılara təqdim olunan "Qur-Qur" adlı talisman da turnirin əsas simasına çevrildi.

Digər Avropa medallarımız isə İspaniyadan gəldi. Belə ki, Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində gənclər arasında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində isə beşliyimiz - Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli və Ayşən Bayramova bürünc medala sahibləndilər.

Bu turnirlərlə yanaşı, Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları da Milli Gimnastika Arenasında baş tutdu. Oktyabr ayında Buenos-Ayresdə baş tutan Yeniyetmələrin Olimpiya Oyunlarında isə bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda hesabında qızıl medal əldə etdi. Həmçinin, bu oyunlarda milli komandalarımızın 3 hakimi - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev hakim qismində iştirak etdilər.

Azərbaycan gimnastları 2018-ci ildə 1-ci "European Gym for Life Challenge" yarışında da çıxış edərək, 37 komanda arasında ən yaxşılardan biri seçildi və qızıl medala layiq görüldülər.

Ötən il ilk dəfə olaraq, "TeamGym" komandamız da Portuqaliyanın Odivelaş şəhərində baş tutan 12-ci Avropa çempionatında iştirak etdilər.

Keçən il "Challenge" seriyasına aid bütün Dünya kuboklarında 3 top - 2 iplə kompozisiyalarının yekun xallarına əsasən Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasına, həmçinin, son 2 il ərzində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə Dünya kuboklarının tamblinq üzrə yarışlarında yekun xallara əsasən Mixail Malkinə FIG-nin xüsusi kubokları təqdim edildi.

Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə də yadda qaldı. Belə ki, ötən il ərzində Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil edildi.

Dekabr ayının ilk günlərində isə Bakıda baş tutmuş FIG-nin ali orqanı olan Konqresi keçirildi. İlk dəfə ev sahibliyi etdiyimiz bu tədbirdə nə az nə çox, düz 111 ölkədən 300-dən çox gimnastika sahəsinin rəsmi nümayəndələri iştirak etdi. Konqresdə parkur idman növünün rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilməsi, həmçinin gimnastikada bütün iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, intizam və FIG-nin etika prinsiplərinin uyğunluğuna nəzarət bölmələrindən ibarət "Etika Fondu"nun yaradılması və bir sıra digər məsələlərlə bağlı FIG-nin nizamnaməsinə müəyyən dəyişikliklər olundu. Konqresdən sonra isə paytaxtımızda parkur idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar təşkil olundu və kurslarda Azərbaycan da daxil olmaqla 13 ölkənin nümayəndələri iştirak etdilər.

Həmçinin FIG-nin kişi və qadın idman gimnastikası üzrə, Avropa Gimnastika İttifaqının (UEG) Batut gimnastikası üzrə Texniki komitələrinin iclasları, UEG Prezident Şurasının iclası və Afrika Gimnastika İttifqanının Ümumi yığıncağı da Bakıda baş tutdu.