Milli kinonun 2018ci ildəki təcəssümü


Kriminal 07 Yan 2019 06:30:00 484 0

Milli kinonun 2018ci ildəki təcəssümü

Məqsəd 2019-cu ili "Kino islahatlar ili"nə çevirməkdir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Kino hər bir ölkənin tanınması üçün  əvəzedilməz faktordur. Kino həm də, insanların dünyagörüşünü formalaşdıran, tarixi, milli adət-ənənələri yaşadan, həyatın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır. Geridə qoyduğumuz 2018-ci ili Azərbaycan kinosu üçün həm uğurlu, həm də uğursuz hesab etmək olar. İllərdir ki, yerli filmlərimizin istehsal olunmadığı və  kinoteatrlarımızda xarici filmlərin at oynatdığını deyir və bundan giley edirdik.  Aktyorlar, filmlərə çəkilə bilmədikləri üçün el şənliklərinə getdiklərini və gündəlik xərcliklərini çıxara bilmədikləri ilə bağlı şikayətlər edirdilər. 2018-ci ildə bu kimi şikayətlərlə az rastlaşdıq. Ona görə ki, telekanallarda yeni seriallar çəkildi, kinoteatrlarımızda isə müxtəlif səpkili, daha çox komediya janrının üstünlük təşkil etdiyi filmlər nümayiş olundu. 2018-ci ildə hər ay yeni komediya filmlərinin təqdimat gecələri keçirildi. Əslində yerli filmlərin istehsal olunması və onların kinoteatrlarımız ayaq açması müsbət, təqdirəlayiq haldır. Ancaq məsələnin başqa bir tərəfi də var. Bu da nümayiş olunan  filmlərin hansı səviyyədə olmasıdır. Filmlərdə ötürülən mesajlara nəzarət olunurmu?  Bu filmlərdə milli-mənəvi dəyərlərimiz qorunurmu?  Dövlətin  sifarişi ilə çəkilən sənədli, sanballı  filmlər bu gün niyə azlıq təşkil edir. Tamaşaçılar niyə festivallara göndərilən filmlərə baxmırlar? Nə üçün komediya filmləri bu filmlərdən daha çox baxılır? Suallar çox, cavab isə... 

Bir danılmaz həqiqət də var ki,  bu problem hər zaman olub və yəqin ki, bundan sonra da olacaq.  Festivallar üçün hazırlanan filmlərin janrı, çəkiliş sistemi, üslubu fərqli olub. Bu filmləri hər tamaşaçı qəbul edə bilmir. Biz də 2018-ci ilin statistikasına nəzər salmağa çalışdıq. Əsil kinodan anlayışı olanların zövqünə xitab edilə biləcək nə qədər filmlərin çəkildiyini araşdırmağa çalışdıq. Nəticə həm gülməlidir, həm də ağlamalı. 

Əvvəla onu nəzərinizə çatdıraq ki, dekabrın 26-da 2018-ci ilin yekunlarına həsr olunmuş ilin kollegiya iclasında çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev milli kinonun inkişafı istiqamətində atılan addımlardan söz açıb. 2018-ci ildə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb: "Nazirliyin dəstəyi ilə keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalının  müsabiqə proqramına 30 ölkədən 100 film təqdim olunub. Bu il 7 filmimiz dünyanın 13 ölkəsində keçirilmiş 17 beynəlxalq festivalda 20 dəfə iştirak edərək, 12 mükafat qazanıb. Eyni zamanda Azərbaycanda bir sıra ölkələrin kino günləri keçirilib, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması işləri davam etdirilib".

Bu, nazirin fikirləri. Bəs görək, mütəxəssislər nə deyirlər. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovdan ötən il kino sahəsində hansı işlərin görüldüyünü xəbər aldıq: "2018-ci ili səmərəli hesab etmək mümkündür.  Geridə qoyduğumuz 2018-ci ildə çimərlik mövzusuna həsr olunmuş Almaniya-Gürcüstan-Azərbaycan birgə tammetrajlı filmimiz ərsəyə gəldi. "Azərbaycanfilm"in tərkibində yaradılmış "Cinema klub"da bir sıra layihələrimiz oldu. Bu klubu yaratmaqda əsas məqsədimiz gənc istedadları sınaqdan keçirməkdən ibarətdir. Bu gənclərin iki qısametrajlı filmi beynəlxalq festivallarda iştirak etdi. Şəki mövzusunda sənədli filmi istehsal etdik. 2018-ci ildə nailiyyətlərimiz çox olub. Hazırda Mədəniyyət Nazirliyinin elan etdiyi prodüser mərkəzləri institutunun nəzdində 4 qısametrajlı filmin istehsalına başlayırıq. 2019-cu ildə qarşımızda duran məqsədlərdən biri gənc istedadların üzə çıxarılması, qısametrajlı və yaxud tammetrajlı filmlər istehsal etməklə yanaşı, Azərbaycan kinosunda 2019-cu ili  "Kino islahatlar ili" kimi qeyd etməkdir. Əsas məqsədimiz kinostudiyanı kino sənaye parkına keçirmək, xarici investisiyanın Azərbaycana gətirilməsi yolunda əlimizdən gələni etməkdir. Artıq konsepsiyamız hazırdır. Bu konsepsiya mədəniyyət naziri  Əbülfəs Qarayevə təqdim olunub. İslahatları yekunlaşdırmaq, yeni kino qanunlarının qəbul olunmasına nail olmaq, çox istedadlı, potensiallı gənclərimizi tanıtmaq əsas hədəfimizdir. İstedadlı gənclər yetişir və inanıram ki, onlar Azərbaycan kinosunun əvvəlki nüfuzunu qaytaracaqlar".