“Bacım haqda şayiələr yayırdı”


Kriminal 06 Yan 2019 16:20:00 477 0

“Bacım haqda şayiələr yayırdı”

Bacısı haqqında şayiələr yayan şəxsi öldürməyə cəhddə ittiham edilən 26 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Həsənli Asəf Asif oğlu Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Asəf Həsənli Beyləqan sakini Nurəli Kərimovu bacısı haqda şayiələr yaydığına görə öldürmək istəyib. Belə ki, Nurəli Kərimov onun bacısı ilə ailə həyatı qurub və bir neçə gün sonra boşanıb. Bundan sonra Nurəli onun bacısı haqda xoşagəlməz söhbətlər yayıb.

Asəf Həsənlinin bacısı Nurəli Kərimovdan ayrıldıqdan sonra başqa şəxslə ailə həyatı qurub. Lakin Nurəli tərəfindən yayılan söhbətlərdən sonra onun bacısının həmin evliliyi də baş tutmayıb.

İttihamda göstərilir ki, bundan sonra Asəf qisas almaq məqsədi ilə Nurəli Kərimovun yanına gəlib. Onun avtomobilinin qabaq sağ oturacağında oturaraq üstündə olan bıçaqla Nurəli Kərimovu qəsdən öldürmək məqsədi ilə onun ürək nahiyyəsinə dörd dəfə ardıcıl zərbələr vurub. Lakin Nurəli Kərimovun əynindəki gödəkçə qalın olduğundan ona xəsarət yetirə bilmədiyini görüb, öz niyyətini başa çatdırmaq üçün onun boğaz nahiyyəsindən bir bıçaq zərbəsi vurub.

Nurəli Kərimov avtomobilin oturacağında hərəkətsiz qaldığı üçün Asəf onun artıq öldüyünü güman edib. Hadisə yerinə gələn Nurəli Kərimovun qardaşı Məhəmməd Kərimov Asəfi tutaraq maşından düşürüb. Asəf əlbəyaxa dava zamanı Məhəmməd Kərimovun bel nahiyəsindən bıçaqla vuraraq hadisə yerindən qaçıb.

Asəf Həsənli aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

Asəf Həsənlinin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin əməlinin 29,120.1-ci maddəsindən 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi deyib ki, Asəf Həsənli özünü təqsirli bilməyib və Nurəli Kərimovu öldürmək niyyətinin olmadığını deyib.