“Sevirəm parkı”ndan sevgi dolu görüntülər


Digərləri 06 Yan 2019 14:40:00 384 0

“Sevirəm parkı”ndan sevgi dolu görüntülər

Son zamanlar Bakının müxtəlif yerlərində çökmə, sürüşmə hadisələri baş verir. Mütəxəssislər bunun səbəbini kanalizasiya sisteminin lazımi səviyyədə olmaması ilə bərabər, Bakıda park, yaşıllıq sahəsinin azlığı ilə əlaqələndirirlər. Bakı sakinləri arasında keçirilən sorğulardan da məlum olur ki, insanlar park, yaşıllıq həsrətindədirlər.

Sakinlər bildirirlər ki, Bakıda bir neçə normal vəziyyətdə olan park var ki, yaşıllığa olan tələbatlarını məhz bu parklar vasitəsilə ödəyirlər. Onlardan biri də Xətai rayonu ərazisində yerləşən "Sevirəm parkı"dır.  

Vaxtilə "Quska" ləqəbli iş adamı Hüseyn Abdullayevə məxsus olan, yararsız vəziyyətdə saxlanılan ərazi, 2016-cı ilin dekabr ayından etibarən park kimi insanların ixtiyarına verilib. Yeni il ərəfəsində parkda xüsusi qurğular quraşdırılıb ki, bu da Bakı sakinlərinin marağına səbəb olub.

Son.az bildirir ki, musavat.com-un əməkdaşı olaraq park ərazisində olub, ümumi vəziyyətlə maraqlandıq. Əvvəlcə məlumat verək ki,park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Park kompleksinin üç girişi var. Ərazidə demək olar ki, hər yer yaşıllıqdır.

Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş "Daşın nəğməsi" birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə "Ürəklər" kompozisiyası təqdim olunur. Parkda  uşaqlar üçün əyləncə meydançası və yelləncəklər də quraşdırılıb. İdman meydançasında isə böyüklərində idmanla məşğul etməsi üçün şərait var. Yuxarıda da qeyd etdiyimiz kimi park ərazisində Yeni illə bağlı xüsusi kompozisiyalar hazırlanıb ki, onların hələ bir müddət park ərazisində qalacağını öyrəndik. Sakinlər bildirdilər ki, bu parkın digərlərindən bir çox fərqi var.

Xətai rayon sakini Səkinə Kərimova bildirdi ki, hər həftəsonu nəvələri ilə parka gəlir: "Burada yüksək səviyyədə işlər görülüb. Əvvəllər ərazidən neft qoxusu gəlirdi. Çox pis vəziyyətdə idi bu yerlər. Parkda gördüyünüz kimi hansısa mağaza, digər parklarda olduğu kimi tüstü buraxan kafelər, qışqıra-qışqıra müştəri çağıran karusel işlədənlər yoxdur. Ona görə də bu ərazi həm də böyüklər üçün sevimli yerdir. Adını da elə yaxşı qoyublar. Doğrudan da bu ərazini mən çox sevirəm. Bura "sevirəm parkı" adı çox yaraşır".