İntihar etmək istəyən şəxsə necə kömək edək? –


Digərləri 05 Yan 2019 21:45:00 436 0

İntihar etmək istəyən şəxsə necə kömək edək? –

Psixiatr Orxan Fərəclinin intiharlar haqda məqaləsini təqdim edirik.

Ölkədəki mövcud qanunvericiliyə görə, intihara cəhd edib sağ qalsa, psixiatrik xəstəxanaya, dinə görə isə, ölsə, cəhənnəmə yerləşdiriləcək bu insan. Özünü dindirsəniz, "bütün qapılar üzümə bağlıdır, heç kim məni anlamır, heç kim istəmir məni... Yaşamağa dəyməz...", - deyəcək.

Həkimləri, psixoloqları da hər dəfə təəccübləndirən, bioloji, sosioloji, psixoloji səbəbləri olan qarmaqarışıq bir vəziyyətdir intihar. Çətin sosial şəraitdə yaşayan və ya əksinə, normal dolanışığı olan insandan tutmuş, orta məktəb şagirdinə, uzun illərin həkiminə, şöbə müdirinə, ağır ruhi xəstələrə qədər geniş bir çevrəni əhatə edir. Statistikası belə qəribədir, dəqiq rəqəmlər təqdim edə bilmir. Cəhd edənlər və tamamlanmış intiharlar olaraq 2 yerə ayırıb sayırlar intiharları. Cəhd edənlər ölənlərdən 8-25 dəfə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı ildə 800 min nəfərin özünə qəsd etdiyini vurğulayır. Dünyadakı intihar sürəti 100 min nəfərə 12 nəfərdir.

İntiharı ən çox kim edir?

Tamamlanmış intiharların sayına görə, kişilər qadınlardan 2 dəfə çox ölürlər və məqsədlərinə çatmaq üçün daha qəddar üsullara əl atırlar. İntihar etmə cəhdi isə qadınlarda daha yüksəkdir. İstər digər ölkələrin statistikasında, istərsə də Azərbaycanda həm qadınlar, həm də kişilər arasında ən çox intihar edən yaş qrupu 45-dən yuxarı şəxslərdir.

Amma təəssüf ki, son vaxtlar gənclər və uşaqlar arasında da intihar halları artmaqdadır. Uşaqlarda intiharların səbəblərini yaş səviyyəsinə görə iki qrupa bölmək olar. İlk qrup ölüm anlayışını başa düşməyənlər, ikinci qrup isə başa düşənlərdir. Hər iki qrupun özünəməxsus səbəbləri var. Məsələn, ölümü başa düşməyən qrupdakı səbəblər içərisində ən genişi budur: elə bilirlər ki, insan ölmür, o, geri qayıda bilər. Yaxud cizgi filmlərində gördükləri hansısa səhnələr, detallar onlara təsir edir. Bu yaş qrupuna adətən 7-8 yaşından aşağı olan uşaqlar daxildir və intiharlara çox da rast gəlinmir. Əsas çoxluq 2-ci qrupun üstünə düşür. Bu qrupa daxil olan uşaqların intihar səbəbləri arasında valideyn təzyiqi, ailə daxil söhbətlər, alkoqolizm, dərs keyfiyyətinin aşağı olması və sair yer alır.

Tamamlanmış intiharların 90%-də baş vermə səbəbi kimi hər hansı bir psixiatrik problemin olması düşünülür ki, bunun da başında depressiya gəlir. Xüsusən bir şəxsdə depressiya varsa, müalicədən imtina edirsə və əvvəllər nə vaxtsa intihara cəhd edibsə, həmin adam ən yüksək risk qrupuna daxildir.