Uşağı mütaliəyə necə öyrətməli və buna nə vaxt başlamalı:


Digərləri 05 Yan 2019 19:57:00 339 0

Uşağı mütaliəyə necə öyrətməli və buna nə vaxt başlamalı:

Müasir dövrdə valideynlər öz uşaqlarını vunderkind kimi böyütmək üçün səylə çalışırlar. Erkən inkişafın müxtəlif metodikaları bu günümüzdə çox populyardır. İlk növbədə, geniş dünyagörüşünə malik analar və atalar öz uşaqlarını daha erkən mütaliəyə öyrətməyə can atırlar. Lakin bu, heç də hamıda uğurlu alınmır. Ev şəraitində təlim üçün ən yaxşı metodikanı necə seçmək və artıq 3-4 yaşlarında uşağı hərfləri öyrənməyə məcbur etməyə dəyərmi? Pedaqoq və psixoloqlar bu barədə nə deyirlər?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütaliə üzrə məşhur uşaq-rekordsmenlərdən biri Vinnitsya vilayətinin (Ukrayna) ucqar qəsəbəsində doğulan Mişa adlı oğlandır. Maraqlıdır ki, böyüklərdən heç kim körpəni erkən yaşlarında öyrətməyə cəhd göstərməyib. Lakin artıq 1 yaş 3 aylığında Mişa sərbəst şəkildə əlifbanı qavrayıb, yaşyarımında isə qəzet oxuyub. Fövqəluşaq 2 yaşında ikən qonşu kənddən özünün tərbiyəsi ilə məşğul olmağa gəlmiş 85 yaşlı bisavad ulu nənəsinə oxumaq öyrədib.

Lakin uşaqlar müxtəlifdir və heç də hamısı 6-7 yaşadək mütaliə etməyə qadir deyil. Hər şeyin öz vaxtı var. Hər halda məktəbəqədər uşaqlarda oyun fəaliyyəti əsasdır. Məhz bu, onların harmonik inkişafına kömək edir.

Uşağa 3-4 yaşında zorla hərfləri öyrətməyə çalışan valideynlər onları dünyanı təbii proseslə tanımaqdan yayındırır, bununla da körpəyə zərər vururlar.

Reallıqda insanın gələcək qabiliyyəti heç də onun mütaliəyə hansı yaşda başlamağından asılı deyil. Bu, uşağın daha çox fantaziyasından və təxəyyülündən asılıdır. Belə ki, hələ manejdə ikən körpənizə üstündə hərflər yazılan kublar vermək əvəzinə ona nağıllar danışıb, maraqlı oyunlara cəlb etməniz yaxşı olardı və ümumiyyətlə, uşağın düzgün nitqini formalaşdırmaqdan ötrü onunla daha çox ünsiyyətdə olmalısınız.