Bakıda yolları çökdürən “kabus”: yeraltı çay, yoxsa dağılmış kanalizasiya? FOTO


Digərləri 05 Yan 2019 18:37:00 305 0

Bakıda yolları çökdürən “kabus”: yeraltı çay, yoxsa dağılmış kanalizasiya?  FOTO

Bakının Nobel prospektindəki çökmənin  səbəbləri günlərdir ki, müzakirə olunur və müxtəlif  versiyalar irəli sürülür. Ən çox diqqət cəlb edən versiya isə su və kanalizasiya xətlərindəki  sızmalardır. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələ ilə bağlı mətbuata açıqlama verərkən bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil:   "Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur. Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bildiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır". A.Cəbrayıllı onu da vurğulayıb ki, "Azərsu" ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur. Qeyd edək ki, Bakıda yeraltı çayların olması və bunun torpağın alt qatlarını yuması nəticəsində sürüşmənin meydana gəlməsi ilə bağlı iddialar da var.

Son.az bildirir ki, mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənovbildirib ki, paytaxt Bakıda yeraltı çayların olması ilə bağlı elmi baxımdan əsaslandırılmış bir fakt yoxdur: "Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" adlı bir əsəri var idi . O roman əslində bu məsələləri izah edirdi. Güman edilirdi ki, Yasamal rayonundakı "Qanlı göl"dən dənizə doğru belə bir çay axır. O zaman "Elmlər Akademiyası" metro stansiyası da uzun müddət hazır vəziyyətdə  olmasına baxmayaraq, istifadəyə verilmirdi. Ancaq elmi baxımdan sübut olunmuş hər hansı bir fakt yoxdur ki, Bakıda yeraltı çay axsın. Bakının coğrafi quruluşu də amfiteatrı xatırladır. Bu səbəbdən yeraltı sızıntılar hər zaman ola bilər.  Lakin yolların çökməsi daha çox insan amili ilə bağlıdır. Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan  sızan suları çökmənin və sürüşmənin əsas səbəbləridir. Yeraltı çaylarla bağlı elmi cəhətdən sübut olunmuş hər hansı mülahizə yoxdur".

Yaşıllıqların məhv edilməsindən sonra  sürüşmə hallarının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Məhərrəm Həsənov bildirib ki, bu mülahizədə həqiqət payının olduğunu vurğuladı: "Ağaclar ilk növbədə torpaqdakı suyu sorur və buxarlandırır. Digər tərəfdən ağacın kökləri torpağı möhkəmləndirir. Bu iki proses sözsüz ki, sürüşmənin qarşısını alır. Bakının iqlim şəraiti elədir ki, burada təbii olaraq ağacların bitməsi çətin məsələdir. Ona görə də, yaşıllıqları qırmaq olmaz. Əskinə çoxlu ağac əkmək, yaşıllıq əraziləri artırmaq lazımdır. Bu həm yeraltı suların buxarlanmasına, həm də torpağın möhkəmlənməsinə səbəb olur. Xatırlayırsınızsa, Bakıda Alov qüllələri yaxınlığında sürüşmə baş verərkən, orada görülən tədbirlərdən biri də evkalipt ağaclarının əkilməsi oldu. Bu ağaclara nasos ağac deyirlər, onun suyu buxarlandırma effekti daha böyükdür".