Azərbaycanda 270dən çox xəstədən nümunə götürülüb, 1 nəfərdə B qripi aşkarlanıb


Digərləri 05 Yan 2019 09:03:00 449 0

Azərbaycanda 270dən çox xəstədən nümunə götürülüb, 1 nəfərdə B qripi aşkarlanıb

Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: "Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb".

Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:

"Ölkədə infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda, hələ ki, yoxdur".

A.Əlyeva qeyd edib ki, Gürcüstanda "donuz qripi"nə yoluxma halları qeydə alınsa da, virusa yoluxma "alovlanma" səviyyəsində deyil.