"Əşyalar interneti" bazarı üzrə proqnoz açıqlandı


Digərləri 05 Yan 2019 07:21:00 470 0

"Əşyalar interneti" bazarı üzrə proqnoz açıqlandı

"International Data Corporation" (IDC) şirkəti 2019-cu il üçün dünya "Əşyalar interneti" (IoT) bazarı üzrə proqnoz tərtib edib.

Son.az ICTnews-a istinadən bildirir ki, 2018-ci ildə qeyd olunan sahədə ümumi xərclər 646 milyard dollar təşkil edib. Bu il isə 15,4 faizlik artım gözlənilir: nəticədə bazarın həcmi 745 milyard dollara çatacaq.

"Ağıllı" ev üçün qurğular, internetə qoşulmuş avtomobillər və müxtəlif "ağıllı" qurğuların daxil olduğu istehlak "IoT" sektorunda isə xərclər 108 milyard dollar səviyyəsində gözlənilir.

Cari ildə ən böyük "Əşyalar interneti" bazarları müvafiq olaraq 194 və 182 milyard dollar məbləğində xərclərlə ABŞ və Çin olacaq. Sonrakı yerlərdə Yaponiya (65,4 milyard dollar), Almaniya (35,5 milyard dollar), Cənubi Koreya (25,7 milyard dollar), Fransa (25,6 milyard dollar) və Böyük Britaniya (25,5 milyard dollar) qərarlaşacaq.