Zəli istehsalını artırmaqla, bu sahəni yüksək gəlir gətirən sahəyə çevirmək mümkündür REPORTAJ VİDEO FOTO


Digərləri 04 Yan 2019 22:55:00 524 0

Zəli istehsalını artırmaqla, bu sahəni yüksək gəlir gətirən sahəyə çevirmək mümkündür  REPORTAJ  VİDEO  FOTO

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə Stansiyasında ölkəmizdə zəliçiliyi inkişaf etdirmək və zəli satışını daha gəlirli sahəyə çevirmək üçün elmi proqram əsasında geniş təcrübə işlərinə başlanılıb.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Mingəçevir Elmi-Təcrübə Stansiyasının müdiri Hicran İsgəndərova deyib.

Alim bildirib ki, zəliçiliyin inkişaf etdirilməsində əsas məqsəd bir çox xəstəliklərin müalicəsində səmərəli vasitə olan zəlini təmiz, steril şəraitdə yetişdirmək və ölkəmizdə onun satışını təşkil etməkdir.

Hazırda ölkəmizdə zəlinin qeyri-steril şəraitdə yetişdirildiyini, əslində isə daha çox natəmiz göllərdən tutulduğunu və kortəbii şəkildə satıldığını deyən H.İsgəndərova qeyd edib ki, Zoologiya İnstitutunun digər bir məqsədi zəliçiliyi daha da inkişaf etdirərək gələcəkdə onun xarici ölkələrə ixracını həyata keçirməkdir. Zəli istehsalını artırmaqla yüksək gəlir gətirən sahəyə çevirmək mümkündür.

Bu məqsədlə 2016-cı ildən Zoologiya İnstitutunun əməkdaşları tərəfindən Azərbaycanın yerli iqlim şəraitinə uyğunlaşmış Şərq tibb zəlisi üzərində elmi-tədqiqat işlərinə başlanılıb.

Tədqiqat işlərinin nəticələrindən danışan Hicran İsgəndərova deyib ki, hazırda Zoologiya İnstitutunun bu sahə üzrə elmi araşdırmaları iki mərhələdən ibarətdir. Birinci hissədə laboratoriya şəraitində zəlilərdən nəsil almaq, ikinci hissədə isə kokondan (süfrə yuvası) çıxan zəlilərin təbiətə daha yaxın şəraitdə yetişdirilməsini və inkişafını təmin etmək üçün Mingəçevir Elmi-Təcrübə Stansiyasına köçürməkdir.

Alim qeyd edib ki, əvvəllər Mingəçevir Elmi-Təcrübə Laboratoriyası kimi fəaliyyət göstərən müəssisə 2018-ci il mayın 15-dən stansiya olaraq fəaliyyətini yenidən qurub. Əvvəllər daha çox ixtialogiya (balıqçılıq) sahəsində elmi araşdırmaların aparıldığı stansiyada hazırda mövcud olan 10 süni göldən 2-si zəliçiliyin inkişafı məqsədilə ayrılıb. İlkin mərhələdə Zoologiya İnstitutunda əldə edilmiş 200 zəli buradakı göllərə köçürülüb və onlar üzərində elmi-tədqiqat işlərinə başlanılıb.


Xəbərə aid fotolar