Bakının küçə musiqiçiləri:


Digərləri 03 Yan 2019 17:23:00 387 0

Bakının küçə musiqiçiləri:

Son.az modern.az-ın küçə musiqisi, küçə müsiqiçiləri ilə bağlı hazırladığı yazını təqdim edir:

Tarixdə ilk dəfə küçə musiqisinin təbliğatçıları Hindistandan dünyaya səpələnən qaraçılar olub.  19-cu əsrdən etibarən Amerikaya gələn miqrant axınının fonunda, Amerikada küçə musiqiçiləri çoxaldı və küçə musiqisi dəb halını almağa başladı. Orqan isə küçə musiqiçilərinin ən sevimli alətlərinə çevrildi. Təsadüfü deyil ki, orqan bir musiqi aləti kimi populyarlığını məhz küçədə qazanıb. Amerikada inkişaf etməyə başlayan küçə musiqisi, dünyaya iki böyük sənətkar - Vudi Qatri və Joan Baezi qazandırıb. Məhz onlar Amerika xalq musiqisini nəinki Abu ölkədə, bütün dünyada məhşurlaşdırıblar.

Dünyada Oskar və Gremi mükafatı almış, milyonlarca albomları satılmış, bu gün konsertlərinə bilet tapa bilmədiyimiz bir çox əfsanəvi musiqiçilərin yetişməsinə də küçələrdə ifa olunan mahnılar  böyük təkan verib. Əfsanəvi Edit Piaf, Bob Dlan, Carlos Santana, Joni Mitchell, Joan Boez küçə musiqisindən böyük sənətə gedən yolda tanınmış sənətçilərdir.

Bəs küçə musiqisi nədir?

Küçə musiqisi ilk növbədə sənətçinin öz istedadını və performansını göstərmək üçün kütləyə hesablanan çıxışın ən sadə və asan üsuludur. Təbii ki, istedadlı musiqiçidən söhbət gedir. Əgər istedadını və həyatını musiqiyə bağlayan bir musiqiçi gün ərzində seçdiyi repertuarı uğurlu performansla ortaya qoyacaqsa, artıq bu sözün əsl mənasında sənətdir. Əgər bu, sadəcə ac qalmamaq üçün musiqiçinin alətdən istifadəsidirsə, o zaman söhbət sənətdən deyil, sərt şəkildə desək, dilənçilikdən gedir.  Küçə musiqiçisinin sənətinə kütlə tərəfindən ən düzgün reaksiya və mesaj musiqiçinin alət çantasına atılan və atılmayan pullarla ölçülür. Estetik zövqü oxşamayan musiqiyə adətən pul atılmaz. Musiqi bəyənilmədən musiqi alətinin qabına atılan pul, dilənçiyə verilmiş kimidir...

Bakıda küçə musiqisinə verilən reaksiya...

Çox təəssüf ki, Bakıda sakinlərin çoxu küçə musiqisinə bir sənət kimi deyil, dilənçilik kimi baxırlar. Bəlkə bu, bizdə küçə musiqisinin çox zəif inkişaf etməsiylə bağlıdır? Elə buna görə də sakinlərimizin çoxunda bu anlayış formalaşmayıb. Bəlkə də bu milli mentalitetimizdən irəli gələn, həmişə zəif insanlara kömək etmək anlayışı ilə bağlıdır. Bəlkə də bu amil insanların çoxunda mərhəmət duyğusu fonunda dəyərli bir küçə musiqisiylə, dəyərsiz bir küçə musiqisinə olan kəskin münasibət arasındakı fərqi  itirir...

Müşahidələrim əsasında deyə bilərəm ki, bizim kütlədən olan əksəriyyət küçə musiqiçisi görən kimi üzlərində acıma duyğusu dolu bir ifadə ilə, alət qutusuna yaxınlaşaraq pul atır. Çox az insanlar tapılır ki, dayanıb musiqini incələsin və ondan zövq almağa çalışsın və daha sonra musiqiçiyə olan münasibətini atdığı pulun həcmi ilə bildirsin. Adətən insanlar səs-küylü musiqiçilərin ətrafında toplaşıb, onları telefonlara çəkirlər. Səs-küylü, əyləncə xarakterli, zərrə qədər də olsun sənətə adiyyatı olmayan musiqinin doğurdan da heç bir estetik zövqü oxşamadığını, sıx kütlə ilə boş alət qutusu arasındakı ziddiyyəti görəndə daha yaxşı anlayıram. Bəzən lirik bir musiqinin sədası altında şəhərimizin keçidlərindən keçərkən tək ifaçı ilə dolu alət qabını görəndə sevinirəm ki, yaxşı sənətə qarşı diqqət var.

Küçə musiqiçilərinə polislərin münasibəti...

Dünya təcrübəsi göstərir ki, əgər musiqi insanların yoğun hərəkət etdikləri yerlərdə, onları narahat edəcək bir şəkildə səslənirsə, məsələyə polis, bələdiyyə işçisi və icra nümayəndəsi müdaxilə edə bilər. Təbii ki, sakinlərin şikayəti olmadan heç bir qurumun üzvü yaxınlaşıb musiqiçiyə təzyiq edə bilməz.  Azərbaycanda mental dəyərlər, mərhəmət duyğuları çox yüksəkdir.  Belə olan halda nə üçün bəzi polislərimiz küçə musiqiçilərinin kabusuna çevriliblər?

Peşəsi asayişi təmin etmək olan bəzi polislərimiz nə üçün küçədə musiqiçi görən kimi vəzifədən istifadə edərək, onların üstünə hücum çəkirlər? Yəqin ki, həmin polislər küçə musiqisinin incəliklərindən xəbərsiz olduqları üçün küçə musiqisi ilə, küçə davranışını eyniləşdirirlər. Əgər istedadlı bir küçə musiqiçisi öz istedadını, musiqi duyumunu, birbaşa olraq yaradıcılığını, fərdi musiqi yanaşmasını, individual musiqi konseptsiyasını küçədə mükəmməl səviyyədə nümayiş etdirirsə, həmin musiqiçiyə polis tərəfindən vurulan zərbə, birbaşa olaraq musiqimizin, incəsənətimizin inkişafına vurulan zərbə deyilmi?

Bugün küçə musiqiçilərimizin polis qorxusu danılmazdır. Düzdür, müşahidə etdiyim küçə musiqiçilərinin az bir qismi polislərimizdən razılıq etdilər, amma əksəriyyəti polis adını eşidən kimi qaçmağa başlayırdı...

Yaxşı bir küçə musiqisi Bakıya nələr qazandıra bilər?..

Yaxşı bir küçə musiqisinin bir şəhərin mədəniyyət, turizm və iqtisadiyyatı ilə əlaqələnməsi, bu sahələrin inkişafına müsbət təsir edə bilər. Musiqimizdən xəbərsiz olan turistlərin şəhərimizdə diqqətini cəlb edən əsas məqamlardan biri də, məhz küçə musiqisidir. Azərbaycan milli musiqi alətlərində səslənən musiqilərimizin sədasının yaratdığı fərqli akustikadan heç bir turist yan keçə bilməz. Bu baxımdan, küçə musiqilərində milli alətlərimizin uğurlu ifası birbaşa olaraq məddəniyyətimizin təbliğinə xidmət edir. Turistlər üçün tar, kamança, balabanın ifasında səslənən bir musiqi, gitarada səslənən bir musiqidən daha maraqlı və ecazskardır. Çünki gitara ifa edən küçə musiqiçiləri ilə turistlər öz ölkələrində də mütamadi olaraq qarşılaşırlar. Milli musiqimizin və musiqi alətlərimizin küçə musiqisində uğurlu təbliği Bakımıza turist axınını gücləndirən başlıca səbəblərdən biri ola bilər. Bu isə birbaşa olaraq şəhərimizin iqtisadi durumunun güclənməsinə gətirib çıxara bilər.

Bu gün İrlandiyanın paytaxtı Dublin dünyada küçə musiqisinin inkişaf etdiyi ən məhşur şəhər kimi tanınır. Dublinə turist axının gücləndirən əsas səbəblərdən biri, məhz haqqında danışdığım küçə musiqisidir. Təbii ki, Dublində küçə musiqiçiləri ifalarında milliliyi, professionallığı ortaya qoyurlar. Yerli əhalinin də küçə musiqisinə olan münasibəti, əsl musiqiçiyə, əsl sənətə və sənətkara olan münasibətdir. Əgər Dublində bir küçə musiqiçisi acından ölməmək üçün sənətdən xəbərsiz şəkildə alətdən istifadə edirsə, yerli əhali onun alət qutusunu boş qoyur. Loru dillə desək, sənəti biabır etməkdənsə, acından öl və özünə başqa peşə seç. Məhz əhalinin bu birtərəfli mövqeyi Dublində professional küçə musiqiçilərini ortaya çıxarır və onlar arasındakı rəqabəti gücləndirir. Əhali tərəfindən küçə musiqisinə olan düzgün yanaşma tərzi bu gün dünyada milyonlarca albomları satılan irlandiyalı ifaçılar Domien Raysın, Rodriqo və Gabriella cütlüyünün sənətini dünya musiqisiqi tarixinə yazdırıb.


Xəbərə aid fotolar