Meyvə tumlarını uşaqların ağzına özümüz üfürürük “Çöpçü” ilə müsahibə VİDEO


Digərləri 03 Yan 2019 15:56:00 713 0

Meyvə tumlarını uşaqların ağzına özümüz üfürürük  “Çöpçü” ilə müsahibə  VİDEO

Uşaqlarımı çöpçüyə aparmışam. Faydasını da görmüşəm. Həkimə gedirəm, 50 manatlıq dərman yazır, 20-30 manat da əməkhaqqı istəyir. Uşağın vəziyyəti isə ya düzələ, ya da düzəlməyə. Amma çöpçüyə 10 manat verirəm, yarım saata uşaq özünə gəlir.

"Hansı dövrdə yaşayırıq? Mən bu cür şeylərə inanmıram. Uşaqlarımı aparmamışam, aparanları da heç cür anlaya bilmirəm. Bu, sadəcə, cahillikdir. Valideynlər uşaqlara qarşı diqqətli olanda, nə yeyib-içdiyinə baxanda, qoruyanda, "çöp" də düşməz, problem də olmaz".

"Haqqın yolunu tapıblar. Bir uşağa ən azı 20 manata baxırlar. Çox demirəm, elə ay ərzində beş uşaq iki dəfə gəlsə, daha nə lazımdır ki, tapıblar haqq yolunu, qazanırlar pullarını".

"Uşaq kibrit çöpü ilə oynayanda onu qırıb udmuşdu. Boğazında qaldığı üçün üç gün yemək yeyə, yata bilmirdi. Həkimə apardım, müayinə edib dedi ki, çöpü qalıb, amma gərək əməliyyatla götürək. "Çöpçü"yə güvənirsinizsə, aparın, o çıxarsın".

Bu sözlər cəmiyyətdə insanların "çöpçü" adlandırdığımız "peşə" sahibləri, onların gördükləri və ya gördüklərini iddia etdikləri işə olan münasibətidir. Görünən odur ki, insanların böyük bir hissəsi buna inanmadığını deyir. Buna baxmayaraq, "çöpçü"yə inanan insanların da sayı az deyil.

Bəs görəsən, özünü "çöpçü" adlandıran insanlar həkimlərin cərrahi üsulla gördükləri işi bir dəfə "üfürməklə" həll edə bilir? Necə olur ki, uşağın nə yediyindən xəbərdar olurlar?

Paytaxtdan fərqli olaraq, Gəncə şəhərində "çöpçülər" məhəlləsi adlanan ərazi var. Orada bir neçə "çöpçü" var ki, adları ilə tanınır. Hazırda o məhəllənin adı Nizami küçəsi olaraq dəyişdirilib. Vaxtilə Gəncə əhalisi, eləcə də, başqa bölgələrdən Pakizə, Nailə, Kifayət, Sevda adı ilə tanınan məşhur "çöpçü"lərin yanına çoxsaylı insanlar gəlirdi.

"Lalın dilini anası bilər" deyib məsələnin hər kəs üçün qaranlıq qalan tərəflərini elə tanınmış "çöpçü"lərdən biri ilə aydınlaşdırmağa çalışdıq. O dedi ki, rayon yerlərində həkimlərin az olması, insanların dünyagörüşünün nisbətən fərqli olması bizə bu işi inkişaf etdirməyə imkan yaradıb.

Son.az oxu.az-a istinadən vaxtilə "çöpçü" kimi xidmət göstərən K.T (ad şərtidir) ilə müsahibəni təqdim edir:

- Neçə il bu peşə ilə məşğul olmusunuz?

- 40 ildən çox.

- İnsanları özünüzə necə inandırırdınız?

- Bu işdə birinci psixoloji faktor kömək edir. İnsanlar köhnə adətlərə və qohum-əqrabanın, qonum-qonşunun məsləhətinə daha tez inanır. "Mənim uşağımda çöp vardı, bu xanım sağaltdı" desələr, siz də həmin an inanıb gələrsiniz.  

- Həkimlərin cərrahi üsullarla, xüsusi cihazlarla təsbit etdiyi qalıqları siz bir an içərisində necə müəyyən edə bilirsiniz?

- Uşaqların üzünə baxanda bilmək olur ki, onda çöp var. Valideyn uşağını bizim yanımıza gətirəndə qızdırması olur, özünü halsız hiss edir. Yaşından asılı olaraq, dayanmadan ağlayanlar da olur. Ən çox azyaşlı uşaqlarda çöp qalır. Çöp deyəndə isə qida qalığı, oyuncaq qırığı, kibrit çöpü, düymə, meyvə çəyirdəyini nəzərdə tuturam. Əslində, burada qeyri-adi bir şey yoxdur. Amma bu işin fırıldaq tərəfi də az deyil.

Səmimi danışsaq, bu bir biznesə çevrilib. Uşaqlar qızdırmalı gəlir, günlərlə yemək yemir, gözlərini qırpanda, burnu tez-tez qaşınanda deyirlər ki, çöp qalıb.

- Bəs dediyiniz fırıldaq nədir?

- "Çöpçü"lər mövsümə uyğun işləyir. Məsələn, yayda gilas, alça, qışda günəbaxan tumunun qabığı, adi bir kağız çıxarırıq. İnsanlar uşaqları gətirir. Biz onlara baxırıq. Boğazına əlimizlə baxırmış kimi edirik. Sonra valideynlə danışa-danışa, uşağı oynada-oynada söz alırıq. Daha sonra bir anda uşağın ağzına üfürüb həmin o çöpü çıxarırıq.

- Başa düşmədim. Bunun fırıldaq dediyiniz hissəsi hansıdır?

- Qəbul edirəm ki, reflektiv boğulma yaratmaqla ani olaraq qırtlaq-udlaq nahiyyəsində qalan yad cismi çıxarmaq olur. Tibdə çöpün adı boğazın armudvari cibinə düşmüş yad cisimdir. Lakin fərq budur ki, o cismi oradan lor cərrahlar çıxarır, "çöpçü"lər yox. Valideynlər uşaqla göstərilən yerə keçib, hazırlaşana qədər biz də əllərimizi yuyub, "hazırlaşırıq". Bax, həmin an mövsümə uyğun olaraq dilimizin altına vəziyyətə uyğun olaraq meyvə çəyirdəyi, düymə, kağız, salfet və s. qoyuruq.

Daha sonra uşağa yaxınlaşırıq. Uşaqlar tanımadıqları insanlardan qorxur, ağlayır. Ya da uşaq yaşda böyükdürsə, imkan vermir boğazına baxmağa. Bu an valideynin başı qarışır uşağa. Nəhayət, uşaq ağzını açır və biz onun ağzına üfürürük.

Üfürən zaman, əslində, boğazda qalan yox, dilimizin altında olan "çöp" düşür. Hava uşağın boğazın qıcıqlandırdığı üçün qusmaq istəyir. Sonra barmağımızı basırıq ki, rahat qussun və boğazını müvafiq yuvalarında qalan başqa nələrsə varsa, düşsün.