Elmin İnkişafı Fondu 9cu “Mobillik qrantı” müsabiqəsini elan edib


Digərləri 03 Yan 2019 15:27:00 555 0

Elmin İnkişafı Fondu 9cu “Mobillik qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu "Mobillik qrantı" müsabiqəsini elan edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanının yaradılmasıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr 2019-cu il yanvarın 7-dən qəbul olunacaq. Layihələrin online qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17.00-a qədər aparılacaq. Müsabiqəyə yalnız 2019-cu il 1 may - 15 iyun və 1 sentyabr - 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələri 2019-cu ilin mart-aprel aylarında açıqlanacaq.