Hacıyevin 4,7 milyardlıq məhkəməsinin vaxtı bəlli oldu


Digərləri 03 Yan 2019 11:40:00 295 0

Hacıyevin 4,7 milyardlıq məhkəməsinin vaxtı bəlli oldu

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsinin vaxtı məlum olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin ilk iclası hakim Faiq Qəniyevin sədrliyi ilə yanvarın 21-i saat 10:30-da keçiriləcək.

İttihama görə, 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılıb.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilib.