2018ci il Azərbaycan üçün hərtərəfli uğurlu il oldu


Siyasət 03 Yan 2019 07:00:00 294 0

2018ci il Azərbaycan üçün hərtərəfli uğurlu il oldu

Ötən təqvim ili - 2018-ci il də Azərbaycan üçün demək olar ki, hərtərəfli uğurlu il oldu.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili fikirlərini belə əsaslandırıb: "Bu, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ili idi. Müstəqil Azərbaycan buna dövlətçilikdə qazandığı böyük uğurlarla gəldi. Babalarımız bizə töhfə etdiyi müstəqilliyimizi daim qoruyub saxlayacağımızı bir daha nümayiş etdirdik.

Digər tərəfdən, 2018-ci il bütün sahələrdə Azərbaycan üçün uğurların və inkişafın olduğu ildir. İqtisadiyyatda artımların olmasına, ötən ilin büdcə proqnozlarının yerinə yetirilməsinə, həmçinin, daxili və xarici investisiyaların cəlb edilməsinə müvafiq şərait yaradıldığına görə, onu uğurlu saymaq olar. Növbəti il üçün isə büdcəmiz milyard yarım dollara qədər artaraq 14,5 milyarda çatacaq.

Qeyri-neft sektorunun, ilk növbədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət mərkəzində olub. 2018-ci ildə Azərbaycanda rekord həddə taxıl və pambıq yığımı baş verdi. Ölkədə kəndli təsərrüfatları inkişaf edib, kəndli-fermer kooperasiyalarının, sahibkarlığın inkişafına dövlət tərəfindən böyük diqqət yetirilib. Eyni zamanda Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması məsələsi prirotet məsələlərdən biri olub. Bu məqsədələ ortaya çıxan problemlər də operativ surətdə həll edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət yetirilib. Ölkədə mənzil tikintisinin, verilən ipoteka kreditlərinin həcmi artıb. İlk sosial evlər tikilərək istifadəyə verilib. Gələcəkdə onların sayı daha da artacaq. Bir sözlə, hər bir ailənin mənzillə təmin olunması məsələsi Azərbaycan dövlətinin ən ali məqsədlərindən biridir və buna doğru durmadan gedilir.

Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsini və onun dünyanın ən güclü 50 ordusunun sırasında yer almasını xüsusi qeyd etmək lazımdır. Ordunun güclənməsi onun Dağlıq Qarabağ probleminin həllində güclü faktora çevrilməsinə gətirib çıxarıb.

Bundan əlavə, Azərbaycan 2018-ci ildə 2-ci kosmik peykini fəzaya buraxıb. Bu fakt Azərbaycan üçün yeni olan bu sahədə mövqelərimizin möhkənlənməsinə, intellektual əməyin cəmiyyətimizdə daha böyük yer almasına gətirib çıxarır. Eyni zamanda fəzada artıq 2 peykimizin olması bizim böyük beynəlxalq tenderlərdə iştirakımıza da imkan verəcək. Çünki ehtiyat peyk olmadan yalnız 1 peyklə teleradio və internet ötürücüsü sahibi olmaq üçün tenderdə iştiraka icazə verilmir.

Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu durmadan artır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz bu gün mühüm əhəmiyyətli beynəlxalq görüşlərin keçirildiyi məkana çevrilib. Bu, bir tərəfdən Azərbaycanın qazandığı nüfuz, digər tərəfdən müvafiq infrastruktura malik olması, üçüncüsü isə, Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı olan məsələdir".

A.Mirzəzadə hesab edir ki, bütün bu məsələlərin təşəbbüskarı, eyni zamanda icraçısı və həyata keçirəni ölkə başçısı cənab İlham Əliyevdir: "Onun düşünülmüş daxili və xarici siyasəti Azərbaycana ölkə daxilində inkişafa, vətəndaşların maraqlarının qorunmasına, sahibkarlığın inkişafına, beynəlxalq aləmdə isə Azərbaycanın nüfuzunun durmadan artmasına gətirib çıxarıb. Bu, cənab Prezidentin fəaliyyətinin ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən dəstəklənir. Onun 2018-ci ildə keçirilmiş prezident seçkilərində 86 faizlə qalib gəlməsi Azərbaycanın layiqli dövlət başçısı olduğunun göstəricisidir. Özünün də bildirdiyi kimi, o, hər bir azərbaycanlının prezidenti olmağa çalışır və məncə buna nail olub".

İlkin İzzət