İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox kitab saxlanılır FOTO


Digərləri 02 Yan 2019 22:01:00 441 0

İsayevlər ailəsinə məxsus şəxsi kitabxanada 11 mindən çox kitab saxlanılır  FOTO

Hacıqabul şəhərində İsayevlər ailəsinə məxsus şəxsi kitabxanadan istifadə edən oxucuların sayı ilbəil artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hacıqabulda 50 ildən artıq ədəbiyyat müəllimi işləmiş mərhum Hüseyn İsayev bu kitabxananı 1946-cı ildə şəhərdəki fərdi yaşayış evinin bir hissəsində təşkil edib. 72 ildir ki, rayon sakinləri, ziyalılar, elm adamları, müəllimlər, tələbə və şagirdlər 11 min kitab və əlyazmanın saxlandığı bu kitabxanadan yararlanırlar.

Hüseyn İsayev 1999-cu ildə vəfat etdikdən sonra mərhumun övladları Məhəmməd və Hənifə atalarının bu xeyirxah işini davam etdirirlər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev atası ilə bağlı xatirələri yada salaraq deyib: "Atam ədəbiyyatı çox sevirdi, xüsusilə, klassik ədəbiyyata böyük maraq göstərirdi. Şəxsi kitabxana təşkil etmək də elə onun kitaba, şeirə, sənətə olan sonsuz məhəbbətindən yaranıb".

Onun sözlərinə görə, atası bütün səfərlərdən qayıdanda evə çoxlu kitab gətirərmiş. Onun kitaba olan böyük marağını bilən dostları, şair və yazıçı tanışları, elm adamları öz kitablarını ona hədiyyə edərmiş.

Kitabxanada XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin şahidi olmuş "Murad xan", "Kərbəlayi" təxəllüsü ilə yazılan şeirlərin müəllifi, əslən rayonun Nəvahi kəndindən olan satirik şair Mirzə Baxış Nadimin əlyazmasının o vaxtlar əl ilə çıxarılmış surətləri də var.


Xəbərə aid fotolar