Böyük "partlayış" gözlənilir


Digərləri 02 Yan 2019 18:24:00 234 0

Böyük "partlayış" gözlənilir

"2019-cu il qlobal iqtisadiyyat üçün asan il kimi qiymətləndirilmir. Güman olunur ki, 2019-cu il qlobal iqtisadiyyat üçün birmənalı şəkildə çətin olacaq".

Son.az bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, əmtəə bazarında, xüsusən də neftin qiymətində volatilik müşahidə edilir. Eyni zamanda, dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Çində birjalarda son qiymət azalmaları birmənalı şəkildə qlobal iqtisadiyyata təsir göstərir.

Ekspertin fikrincə, məzənnə müharibəsinin davam etməsi mərkəzi banklar üçün yeni və kifayət qədər çətin öhdəliklər formalaşdırır: "Bu da nəticədə qlobal iqtisadiyyata təsir göstərən faktorlardır. O baxımdan, 2019-cu ildə qlobal iqtisadiyyatın çətin olacağı gözlənilir. 2019-cu il qlobal əmtəə və valyuta bazarında volatiliyin yüksək olacağı il kimi proqnozlaşdırılır".

"Qlobal iqtisadi artım tempinin də azalacağı gözlənilir. Xüsusən inkişaf etməkdə olan ölkələrdə, hətta Çində proqnozlaşdırılan iqtisadi artıma nail olunacağı sual altındadır. Ona görə də 2019-cu ilin iqtisadi baxımdan çətin il kimi qiymətləndirilməsi ehtimal olunur. Bu da birbaşa fərqli bazarlarda volatiliyin yüksək olması ilə bağlıdır" - deyə o bildirib.

V.Bayramov təəssüflə qeyd edib ki, həm qlobal maliyyə böhranından, həm də 2014-cü ilin neft şokundan sonra qlobal iqtisadiyyatın tənzimlənməsi ilə bağlı real addımlar atılmayıb: "Digər tərəfdən, ticarət müharibələri qlobal iqtisadi böhranlar üçün bir növ baza yaradır. Xüsusən ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu da nəticədə 2019-cu ildə qlobal iqtisadiyyat ilə bağlı nikbin proqnozların verilməsinə şərait yaratmır. 2019-cu il nəinki mərkəzi banklar üçün, hətta inkişaf etmiş ölkələrin hökumətləri üçün asan olmayacaq. Çünki qlobal çətinliyin olacağını müşahidə edəcəyik".

İqtisadçının qənaətincə, aparıcı ölkələrin mövqeləri və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin necə və ya daha tez başa çatması birmənalı şəkildə qlobal iqtisadiyyatdakı vəziyyətə təsir göstərir: "Xüsusən, ABŞ ilə Çinin münasibətlərindəki son dəyişmələr 2019-cu ildə qlobal iqtisadiyyatla bağlı nikbin proqnozlar verməyin mümkünsüzlüyündən xəbər verir".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə öz növbəsində deyib ki, dünya iqtisadiyyatı çox dərin böhranın astanasındadır: "Səbəb dünyada borcun sürətlə artmasıdır. İlbəil borcun həcmi şişir, amma o qədər iqtisadi aktivlər, əmlak yoxdur. Bu, onunla bağlıdır ki, dünyada maliyyə bazarı real iqtisadiyyatı üstələyib və ondan həcminə görə bir neçə dəfə böyükdür. Yəni sabun köpüyü kimi şişib və bu, əvvəl-axır partlamalıdır. Texniki tədbirlərlə bunu uzada-uzada gedə bilərlər".