"Qohumlarımız dedi ki, hamı çıxdı efirə, sən çıxmadın" FOTO


Kriminal 02 Yan 2019 07:28:00 304 0

"Qohumlarımız dedi ki, hamı çıxdı efirə, sən çıxmadın"  FOTO

Bəhram Əliheydər: Bəzən elə olur ki, səhər səhnəyə dovşan, axşam da Qeys kimi çıxırıq 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Son zamanlar Gənc Tamaşaçılar Teatrının səhnəsindəki gənclər diqqətimi çəkir. Və onlar arasında son bir neçə ildə Bəhrəm Əliheydər öz səhnə performansı, plastikası ilə seçilir. Belə gənclər Azərbaycan teatrının qazancıdır. Sonuncu dəfə onu "Leyli və Məcnun" tamaşasında izləmişdim. Nicat Kazımovun quruluşunda hazırlanan tamaşanın gənc Qeysi ilə söhbət etmək qərarına gəldik. Teatrımızın müasir Məcnunu dərviş imiş, xəbərimiz yoxuymuş.   - Gənc Tamaşaçılar Teatrının 90 yaşı tamam oldu. Bu münasibətlə sizi və kollektivinizi təbrik edirik.

- Təşəkkür edirəm. Yubiley gecəsində teatrımızın repertuarında xüsusi yer tutan bir sıra səhnə əsərlərindən hissəciklər nümayiş etdirdik. Bu da böyük maraqla qarşılandı. Artıq 5 ildir ki, bu teatrda işləyirəm. Aktyoru teatrsız təsəvvür etmək mümkün deyil. Mənim üçün Gənc Tamaşaçılar Teatrının xüsusi yeri var. Sanki universitetdə elə Gənc Tamaşaçılar Teatrı üçün hazırlanmışam. Tələbəlik illərində xəyal edirdim ki, gələcəkdə bu teatrda işləyim və arzularımı gerçəkləşdirdim.

- Niyə məhz Gənc Tamaşaçılar? Bu teatrın sizin üçün özəlliyi nədir?

- Mənim üçün mərhum xalq artistimiz Yusif Vəliyev bir fenomendir. O, ömrünün axırına kimi həmin teatrda çalışıb. Demək, burada nəsə var ki, o, ömrünün sonuna kimi məhz Gənc Tamaşaçılar Teatrında  çalışıb. Biz faciə, komediya, dram, uşaq tamaşaları oynayırıq. Bəzən elə olur ki, səhər səhnəyə dovşan, axşam da Qeys kimi çıxırıq. Bu çox çətin bir prosesdir.   - Səhər tamaşasında dovşan, axşam tamaşasında isə Qeysi oynamaq psixoloji olaraq sizə hansı hissi yaşadır?

- Kitablarda oxuduğumuza görə, aktyorun ruhu dincəlməli, obraza özünü hazır hiss etməlidir. İnanın ki, bunların hamısı bəhanədir. Öz üzərində işləyən aktyor günə 40 tamaşa oynaya bilər. Bu bizim işimizdir. Misal üçün, əgər bir həkim səhər böyrək əməliyyatı edibsə, axşama ürək əməliyyatı edə bilməz kimi bir anlayış yoxdur. Bizim sənət də onun kimi.   - Biz "Leyli və Məcnun" tamaşasına Opera və Balet Teatrında baxmışıq. Gənc Tamaşaçılar Teatrının səhnəsində bu tamaşanın yeni üslubda hazırlanmasının heç də birmənalı qarşılanmadığının şahidi olduq. Qeys obrazına təklif aldıqda hansı hissləri keçirdiniz?

- Əslində gözləmirdim ki, tamaşanın rejissoru Nicat Kazımov bu obraza məni uyğun görər. Nicat müəllim ssenarini Füzulinin dilindən çevirirdi. Mən də ona kömək etmək məqsədi ilə sözlərə baxırdım. Dekabrda gedib saçlarımı keçəl elətdirmişdim. Nicat müəllim dedi ki, çox nahaq saçını kəsdirmisən, çünki sən Qeys olacaqsan. Mən də çox təəccüblənmişdim. Opera və Balet Teatrında bu operaya ən azı 30 dəfə baxmışam. Yenilik heç zaman yekdilliklə qəbul olunmur. Bu bizi ağrıtsa da, ağrıtmasa da, belədir. Bu yeniliyi hələ də qəbul etməyənlər var. Hamımız Füzulidən, onun dünyasından, fəlsəfəsindən danışırıq. Amma o danışanlar belə Füzulini heç 10 faiz dərk etmirlər. İki qəzəlini deyib, özlərini Füzulişünas hesab edirlər. Ancaq Füzulinin həyat tərzindən xəbərləri yoxdur. Gah deyirlər Nicat Kazımov səhnədə erotika göstərir, gah da başqa mənasız bir şeyi bəhanə gətirirlər. Əgər siz "Leyli və Məcnun"u bir dəfə əlinizə alıb oxumusunuzsa, bilməlisiniz ki, orada hansı səhnələr var. Nicat Kazımov oturub, özündən səhnə yazmayıb. Mən heç zaman cəmiyyətin fikri ilə yaşamamışam və yaşamaq fikrim də yoxdur. Kimsə mənə aid nəsə deyəndə dinləyirəm, ağlabatandırsa əməl edirəm. Yox əgər ağlabatan deyilsə, üstündən keçirəm.

- Qeysin sözlərini əzbərləmək həqiqətən də çətindir. Siz bu baxımdan hər hansı çətinliklərlə üzləşdinizmi?

-  Ərəb-fars dillərinə meylli olduğum üçün az da olsa ondan xəbərim var. Əgər sən acsansa və sənə bir şey verirlərsə, baxmırsan ki, yumşaqdır, bərkdir, dadlıdır, dadsızdır. "Təki mədəmə bir şey getsin, doyum" təfəkkürü ilə o qidanı qəbul edirsən. O şey səndən aralıdır və sən can atırsan ki, onu yeyəsən. Mən bu tamaşaya ac idim. Ən çox sözlər Səbinə Məmmədova (Leyli) ilə məndə idi və biz sözləri əzbərləməmişdik. Nicat müəllim bir il bizimlə işlədi. Nəinki öz sözümüzü, şəxsən mən bütün pyesi əzbər bilirəm. Bu, artıq vərdişə çevrilib. 

- Yaradıcılığınıza nəzər saldıqda, daha çox Nicat Kazımovla çalışdığınızı görürük. Bu sizin rejissorla yaxşı dil tapdığınızdanmı irəli gəlir?

- Nicat Kazımov hər zaman deyir ki, "başqa aktyor seçməyə şansımız yoxdur. Bizə gətirib kadrı verirlər və deyirlər ki, bundan nəsə düzəldin". Mən də teatra gələndə, Nicat Kazımov üçün yararsız aktyor idim. 89 kilodaydım və günüm yeyib-yatmaqla keçirdi. Teatra ilk gələndə, o mənə baxıb, dedi ki, "mən bundan nə düzəldəcəm?" Məndə hikkə və məqsəd var. Çalışdım, çabaladım və istədiyim formaya düşdüm. Beləliklə, Nicat Kazımov mənə ilk obrazı verdi. Teatra yeni gələndə ilk baş rolum teatrımızın baş rejissoru Bəhram Osmanovun məsləhəti ilə Boris Manciyevin "Xortdanın cəhənnəm məktubları"nda Fərman obrazı oldu. İlk partnyorum Səbinə Məmmədova idi. Nicat Kazımov quruluş verdiyi tamaşalarda  yalnız "Leyli və Məcnun"da mənə baş rolu həvalə edib. N.Kazımov fiziki imkanı olan hər bir gənclə işləyir, aktyoru boş qoymur.

- Qeyd etdiniz ki, hikkəli birisiniz. Nicat Kazımov sizə baş rol həvalə etdikdə, o "yararsız" sözünü xatırlatdınızmı?

- ...Hər gün. O qədər yeməksiz qalırdım ki, gecə 3-4-də durub anama plov süzdürən adamam. Ondan sonra yemək üçün ağlayırdım. Ancaq bu mənim özümü bir aktyor kimi inkişaf etdirməyim üçün lazım idi. Aktyorda hikkə, məqsəd olmasa, qabağa gedə bilməz. Nicat Kazımov kimi bizi sındıran rejissor olmayıb. Məşqlərdə "yararsızsınız", "danışıq probleminiz var" və s. kimi ifadələrlə bizi daha da qıcıqlandırırdı. Biz də özümüzü inkişaf etdirməyə və düzəltməyə çalışırdıq.

- Bəs, universitetdə öyrənib, teatra gəlməmisinizmi?

- İncəsənət Universitetinin tədrisi ilə razı deyiləm. Görürsən ki, tələbələr universiteti bitirib teatr mühitinə düşür, yenə də düzəlmirlər. Bizim evimizi yıxan android telefonlardır. Bir də görürsən ki, səhnəyə telefonla çıxırlar, gənclər rəqsləri, plastikanı bilmirlər. Bunları öyrənmək əvəzinə, telefon əllərindən düşmür. Tamaşanın premyerasında qrim edib, "selfie" çəkib paylaşmaqla aktyor olmursan. Bunu hamımız edirik və bu artıq reklam xarakterli bir şeydir. Ancaq işləməsən, bəhrəsini görə bilməzsən. Mən hər kəsdən öyrənirəm. Mənim yerişimdə problem olub və onu düzəltməyə çalışmışam. Biri də var ki, problemim var və bunu düzəltmək istəmirəm. Rejissora lazım olan kimi olmalısan. Teatrımızda elə bir rejissor yoxdur ki, onların quruluş verdiyi tamaşalarda əsas obrazları canlandırmayım. Xoşbəxtçiliyim ondadır ki, bu gün "Leyli və Məcnun"da Qeysi oynayıramsa, sabah "Romeo və Cülyetta"da lap arxada kölgəni də oynayıram və bundan utanmıram.   - Ancaq elə aktyorlar var ki, epizodik rola çəkilməyi özlərinə ar bilirlər.

- Düzdür, 99 faiz aktyorlar epizodik rol oynamaq istəmirlər. Səhnəyə çıxsalar belə, o tamaşanı olaraq məhv edirlər. Halbuki, biz aktyoruq və işimiz budur. Kütləvi səhnə də, baş rol da bizimdir. Teatrımızda elə aktyorlar var ki, epizodik rolda çıxış etsələr də, sonda onları hamıdan çox alqışlayırlar. Aktyorun işi budur, çalış, beynini işlət, standart prosedurlardan imtina et və üzə çıx. Baş rolu hamı oynayar. 

- Ancaq mən inanmıram ki, Məcnunu hər kəs oynaya bilər...

- İstək olsa, oynayar.

- Gənc aktyorlar çox zaman rejissorlarla dil tapmaqda çətinlik çəkirlər. Ancaq siz gənc aktyor kimi onlara haqq qazandırırsınız.

- Hərdən rejissorlara yazığım gəlir. Şəxsən mən rejissor olsam, bir həftədən sonra iflic olaram. Deyirsiniz ki, Nicat Kazımovla işləyirsiniz, sabah teatra gənc bir aktyor gəlsə, təbii ki, həmin aktyordan istifadə olunacaq. Misal üçün, bizim teatrın Elgün Yəhya, Ramil Məmmədov, Anar Səfiyev, Anar Seyfulla kimi istedadlı aktyorları var. Amma maraqlı, istedadlı, aktyor standartlarına uyğun olan gənclər teatra çox az gəlir. Gəlsələr də, məsuliyyətsiz olurlar.

- Səbəb nədir?

- Bunun müəyyən səbəbləri var. Bizim çəkdiyimiz əziyyətlərə onlar dözə bilmirlər. İşin maddiyyat tərəfi də üstünə gəldikdə, müəyyən yayınmalar olur.


Xəbərə aid fotolar