Masallıda parkbulvar kompleksi tikilir FOTO


Digərləri 01 Yan 2019 19:52:00 288 0

Masallıda parkbulvar kompleksi tikilir  FOTO

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi sürətlə davam etdirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkəmizin cənub bölgəsində Astaradan sonra Masallı şəhərində inşa edilən park-bulvar kompleksi ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrə çatdırılacaq.

Yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.

Viləş çayının bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. Əhali parkın ərazisində qayıqla gəzintiyə də çıxa biləcək. Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb.

Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.

Masallı şəhərinin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi və yaşıllıqların salınmasına başlanılıb. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb.

Layihə sənədlərinə uyğun olaraq park-bulvar kompleksində nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759, gəzinti yerlərinin sahəsi 26340, yaşıllıq sahə isə 25840 kvadratmetr təşkil edir.


Xəbərə aid fotolar