Müsəlmana elm öyrənmək niyə vacibdir?


Digərləri 01 Yan 2019 19:35:00 242 0

Müsəlmana elm öyrənmək niyə vacibdir?

İslamla bağlı müxtəlif qarayaxmalara, islamofob çıxışlara baxmayaraq, mübarək dinimizin ardıcılları ilbəil silsilə ilə artır. İslamofobların əsas xətti - dinimizi xurafat və mövhumatla assosiasiya etdirməkdir. Amma maraqlanan, öyrənən hər bir kəs bilir ki, elm, İslamın mahiyyətindədir, İslamın xəmiri elmlə yoğrulub. Bunu gizlətmək üçün məlumatsız insanlara mütləq İslam dinini qaranlıq, savadsız bir kütlənin təlimi kimi çatdırmağa cəhd edirlər. Bunun qarşısına yalnız maariflənməklə, elmin zirvələrinə yetişməklə çatmaq olar. Mütəal Allah bu işdə cəmi iman əhlini müvəffəq etsin!

Alimin itkisi - əvəzedilməzdir

İslamın alimə verdiyi yüksək qiymət İmam Cəfər Sadiqdən (ə) nəql edilən aşağıdakı hədisdə bariz surətdə görünür: "O zaman ki, fəqih mömin (əməl edən İslam alimi) aradan gedər, İslamda elə bir boşluq, çatışmazlıq əmələ gələr ki, heç nə onun yerini doldurmaz".

İslamda çox az mövzu tapılar ki, bu cür qətiyyətli surətdə itkinin ağrılığı çatdırılsın. Əvvəllər "fəqih" məfhumu İslam maarifi sahəsində, ümumiyyətlə İslam elmi sahəsində öncül mövqeyində duran, bilgi sahibi olan alimlərə deyilib. Sonradan bu anlayış transformasiya olunaraq, artıq fiqh sahəsində çalışan alimlərə, məhz İslam hüququ ilə səciyyələnən istiqamətə aid edilməyə başlanıb. Öncə isə fəqih - islami elmlərə bələd, tam mənada islamşünas olan alimə - "fəqahətə malik" olan, həm nəzəri, həm praktiki mövzularda nəzər sahibi olan insana deyirdilər.

Bəs dinimiz əməl edən alimin dərəcəsini niyə belə üstün tutur? Nə üçün din alimin ölümünü əvəzolunmaz bir itki kimi təqdim edir? Mövzunun açılışı üçün İslamda şəhid tematikasına toxunaq. Məlum olduğu kimi, dinimizin nəzərində şəhidlik çox yüksək və mübarək statusa malikdir. Şəhidin qanı - cəmiyyətə nəfəs verən, cəmiyyəti dirildən bir təbərrükdür. Amma İslam dini alimin mürəkkəbini şəhidin qanından üstün tutmuşdur. Alimin zəhmətini cəmiyyətin həyatında, müqəddəratında taleyüklü dəyişikliklərə rəvac verən bir amil kimi qəbul edir dinimiz.

Alimin formalaşdırılmasında bütün mütərəqqi dünya - bilavasitə və ya dolayısı ilə - iştirak edir. Bəşərin bütün nəcib zəkası əməl edən alimin bilgilərinin, əxlaqının, ruhi-mənəvi durumunun yetkinləşməsində rol oynayır. Alim bütöv bir kamillik dünyasıdır və dinimiz onun itkisinin əvəzsizliyinə diqqət çəkir. Necə ki, bir aləm, bir dünya məhv olsa, onu bərpa etmək mümkünsüzdür - bərpa olunan nəsə təzə bir şeydir, heç zaman əvvəlkinin yerini verməz - eləcə də, yeni gələn alim öz yerinə gəlir, öncəki alimin yerini zatən doldura bilməz. Daha üstün və ya daha az bilgilərə malik ola da bilər, müxtəlif dərəcələrə yetişə də bilər - amma o biri alimin yerini tuta biməz. Burada özünəməxsusluq, orijinallıq var və dinimiz alimin dəyərini zaman-zaman təsdiq edir.

Müsəlmana elm öyrənmək vacibdir

Alimin cəmiyyətdə böyük rol və əhəmiyyətinə gəldikdə, bu, alimin xüsusi missiyası ilə izah edilir. Belə ki, alimlərin əsas vəzifəsi - cəmiyyəti saflaşdıran bir mənbə, özünəməxsus generator vəzifəsini icra etməkdir. Alim - toplumu həyalandıran, insanların hərəkətlərinə mənəviyyat yükü verməyə çalışan, qırmızı xətləri təzahür etdirən bir ruhi mənbədir. İnsan, toplum, cəmiyyət mənəviyyatdan məhrum olduqda, mənəvi mənbələrdən kəsildikdə necə də yazıq duruma düşür! İndi təsəvvür edək ki, bu mənəviyyat mənbəyi olan alim topluma müvafiq ab-havanı ifazə etməyi bitirsin. Toplum buna dərhal qırmızı xətlərin keçilməsi, toplumu əmələ gətirən mental dəyərlərin aşınması ilə reaksiya verəcək. Millətin ziyalısı - onu abıra mindirən, həya və iffət, ləyaqət və izzət yolunu göstərən bir bələdçidir.

Ümumiyyətlə, İslamda ən önəm verilən məsələlərdən biri - elmdir. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Elm öyrənmək bütün müsəlmanlar üçün vacibdir. Agah olun ki, Allah Təala elm ardınca gedənləri sevir".

Təəssüflər olsun ki, yaşadığımız toplumda elmə, biliyə olan həvəs mərhələ-mərhələ zəifləməkdədir. Elmə, maariflənməyə canatma ümumda sezilmir. Bunun yerini qəlp dəyərlər, surroqat kateqoriyalar tutmaqdadır. Dünya hara gedir, biz hara?! Dünyada bu gün "açıq universitet" konsepsiyası ən populyar modellərdən biridir. Uşaqlıq dövründən yaşlı mərhələyədək cəmiyyətin bütün kateqoriyaları müvafiq tədris proqramları ilə əhatə olunur. İnvestisiyalar üçün ən əlverişli yer məhz elm, fundamental tədqiqatlar hesab olunur. Gələcək nəsillər üçün bu sahələrə yatırımlar edilir. Bəşər gəlib çatıb ona ki, insanı azad edən, ona dəyər verən, aktuallıq verən - elmdir, zəkadır, bilgidir. Hələ 14 əsr bundan öncə dinimiz insanın elmlənməsini vacib bilmiş, burada hansısa yaş, cins, milli, mənşə və digər məhdudiyyətlər qoymamışdır.

Allah elm öyrənənləri sevir

Allah Təalanın insanın fitrətində qoyduğu hisslərdən biri - bilgiyə canatmadır. İnsan öyrənməyə, baş açmağa, bilməyə meyillidir. Sonradan səhv mühit, qeyri-salamat ictimai münasibətlər onda bu canatmanı kütləşdirir, zəiflədir. Digər bir bədbəxtlik - bu hissin lazım olmayan, insanın özünə zülm verdiyi istiqamətlərə yönəlməsidir. Elm, tarix, ibrət, hikmət qalıb bir yanda, insanlar ötəri məsələlərlə - "filan ulduz nə etdi, behman ulduz nə etmədi" ilə başlarını doldururlar. Tədqiqatlar göstərir ki, ən böyük maraq doğuran xəbərlər, məhz kiminsə şəxsi həyatının təfərrüatlarıdır. Zombiləşmə prosesi də bax elə məhz beləcə gedir.

İnsanda bütün bilgələr hüzuri - hazır olan və hüsuli - hasil olunandır. Hazır olan bilgilər öz yerində, əksər bilgiləri insan ətraf dünyadan müxtəlif vasitələrlə əxz etmək yolu ilə hasil edir. Bu hasil olan bilgələr onun dünyagörüşünün formalaşmasında, əməllərinin necəliyində həlledici rol oynayır.

Hədisdə göründüyü kimi, Allah Təala elm öyrənənləri sevir. Elm öyrənən insanda Allahı dərk etmək mərifəti güclənir, insan Allaha yaxınlaşır. Qurbi-İlahi - Allahda qovuşmaq mərtəbəsi, o cümlədən, elm öyrənməklə, tanımaqla fəth edilir. Əlbəttə, nəfsin kontrolu və digər mövzular burada çox önəmlidir, lakin bütün bunlar elmin yenilməz bazasında bərqərar olunur.

Kamal, elmlədir

Həzrət Əli (ə) buyurur: "Dindarlığın, dində olmağın kamalı - elm öyrənməkdə və ona əməl etməkdədir. Biliniz ki, sizin üçün elm əldə etmək, mal əldə etməkdən üstündür".

İnsanın vücudi təkamülü, bilmək və əməl etməklə şərtlənir. Bilmək və əməl emək - təkamülün 2 qanadıdır. Dindarlığın, dinə mənsubiyyətin ən optimal vəziyyəti - kamala doğru hərəkət etməkdir. Demək, bilməyə və əməl etməyə can atmaq - dinə inanan insanın məntiqi davranışıdır. Mal, sağlamlıq və digər bu kimi şeylər - bu hərəkətin a) təminatçısı; b) ideallaşdırma vasitəsidir. Yəni, əgər bir tərəfdən insanın malı, rifahı onun kamilliyə doğru hərəkətinin hazırkı təminatçısıdırsa, eyni zamanda həmin bu hərəkətin dönməzliyinin, davamlılığın, ardıcıllığın, insanın ideal duruma gəlməsinin, insan üçün nəzərdə tutulan nəcib missiyanın həyata keçirilməsinin vasitəçisi, yardımçısıdır.

Təbii ki, vasitəçidən daha önəmlisi - bilavasitə hərəkətdir. Təminat vasitələri nə qədər əhəmiyyətli olsa da, bilavasitə hərəkət, sözsüz ki, müəyyənedici xüsusiyyətə malikdir. Hərəkətin özü olmasa, onun təminatının nə mənası?! Təminat hərəkət üçündür. Hərəkət olan yerdə vasitə məna ilə yüklənir. Odur ki, elm, bilgi mal-dövlətdən, rifahdan və digərdən vacib və üstündür.

Elm, əqlin rəhbəridir

Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "Allaha itaət və Ona pərəstiş - elmlədir, elmlə mümkündür. Və elm əsasında insan Allahı tanıyır və tövhidpərəst olur. Onun vasitəsilə insan sileyi-rəhm (qohumlarla əlaqəni saxlamaq) edər, halal və haramı tanıyar. Elm, əqlin rəhbəridir".

Elmsiz, bilgisiz insan Allahı tanıya bilməz, tövhidpərəst ola bilməz. Allaha pərəstiş elmsiz olmur. Elm olmasa, insan bilməz ki, niyə Allaha itaət etməlidir? Niyə ötərini buraxıb, əbədiyə sığınmalı, kamala tapınmalıdır? Allah insanı niyə xəlq edib? Ondan nə istəyir? İnsan nə etməlidir? Niyə etməlidir? Və yaxud, insan bilmədən kimə pərəstiş edəcək? Filan şey niyə halal, filan şeysə niyə haramdır? Bu və bir çox digər vücudi sualların cavabını insan yalnız elmlənməklə tapa bilər.