Xalq təqvimi: Kiçik çillənin böyük “qardaşı” FOTO


Digərləri 01 Yan 2019 17:39:00 269 0

Xalq təqvimi: Kiçik çillənin böyük “qardaşı”  FOTO

Böyük çillə, Kiçik çillə, Boz çillə...

Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav ("Boz ay" da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.

Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Deyilənlərə görə, "Qış" adlı bir kişinin "Böyük çillə", "Kiçik çillə", "Boz ay" adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini - Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?

Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Aralıq ayının - yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. İnsanlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. O zaman bilirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə Böyük çillə özünün qar atını belədən-elə, elədən-belə çapacaq.

"Çillə bayramı"

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov qeyd edir ki, Böyük çillənin ilk gecəsi qışın başlandığı gün kimi qeyd olunur, dekabrın 20-nə, yaxud 21-nə təsadüf edir. Həmin gün "Çillə bayramı" qeyd edilir. "Çillə gecəsi" ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir.

Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun gəlməsi dərdin, çətinliyin gəldiyinə işarədir. "Çillə bayramı"nın erkən çağlar "sırağan", yaxud "çırağan" kimi də adlandırıldığı göstərilir. Qeyd edək ki, doğumla bağlı inam və adətlərdə "çilləli", "çillə kəsmək", "çillə basdı" və sair kimi ifadələrə də rast gəlirik. Bu da müəyyən xəstəlik, çətinliklərlə bağlıdır. İnsanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər. Bu adət "çillə kəsmək" adlanırdı.

"Çillə gecəsi"nin ən gözəl, ən şirin payı - "Çillə qarpızı"

"Çillə bayramı"nı xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə "çillə qarpızı" kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində "çillə qarpızı" olsun. Qarpız çillə gecəsinin ən gözəl, ən şirin payı hesab edilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar.

Asəf Orucov deyir ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalın qabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çilləyə saxlanılması nəzərdə tutulan qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. "Çillə qarpızı" xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar. "Çillə qarpızı"na bolluq, bərəkət rəmzi kimi baxılır.

"Çillə gecəsi"ndə qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa da işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, "ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim". Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Muxtar respublikanın bəzi bölgələrindən (Şərur, Ordubad) yaşlı insanların sözlərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun.

"Niyyətetmə" adəti

Çillə qarpızı kəsilən vaxt xalq arasında "niyyətetmə" adəti mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə ağ və ya göy olarsa, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutulub atılması dörd fəsillə, qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Yeddi evin payı

Qarpız kəsilib yeddi evə pay göndərilir. Çillə girəndən sonra çuvalların, küpələrin, xaralların ağzı açılır, təndirlər yandırılır, kürsülər qurulur, buğda götürülüb, səməni göyərdilir. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxılır. Yeddi qonşu evdən un alınıb səməni suyunda xəmir hazırlanması, sıyıq bişirilməsi üçün iri tavada ocaq üstə qoyulur. Başlayırlar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salınır. Yeddi qabda yeddi evə pay göndərilir.


Xəbərə aid fotolar