2018ci ildə Azərbaycanda turizm sahəsinin inkişafı üçün atılan addımlar


Digərləri 01 Yan 2019 16:35:00 210 0

2018ci ildə Azərbaycanda turizm sahəsinin inkişafı üçün atılan addımlar

Turizmin inkişafına önəm verən və bu sahəyə diqqətini artıran Azərbaycan üçün 2018-ci il uğurlu olub.

Son.az Trend-ə istinadən bildirir ki, ötən il ölkənin turizm sektorunun inkişafı üçün atılan ilk addım bu sahənin idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı olub. 2018-ci ilin aprelində Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Ölkədə qoruqların turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə onların Mədəniyyət Nazirliyin tabeliyində olan qoruqların bir qismi Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, "Mədəniyyət haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli sərəncamı ilə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.

Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqları Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrindəndir. Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq olduqca böyük əhəmiyyət kəsb edir. Qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranıb.

Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Yola saldığımız ildə Agentliyin Əsasnaməsi təsdiq edildikdən sonra Azərbaycanın yeni milli turizm brendi də hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Ölkənin turizm potensialının yüksək səviyyədə təqdim edilməsi, Azərbaycana gələn turistlərin sayının artırılması üçün ötən il 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması üzrə müqavilə də imzalanıb. Müqaviləyə əsasən "Travel Consul Agency Network Worldwide" şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri ofislərinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanının Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.