Xorvatiyanın ən gözəl şəhəri FOTO


Digərləri 31 Dek 2018 22:14:00 241 0

Xorvatiyanın ən gözəl şəhəri  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

Təsəvvürünüzə gətirin ki, siz günəşli havada qədim şəhəri əhatə edən qala divarlarının ən hündür yerində durmusunuz, aşağıda orta əsrlər tikililərinin qırmızı damları sanki alışıb yanır, qarşınızda ucu-bucağı görünməyən sayrışan mavi dəniz, arxanızda isə meşəli təpələr dayanır. Bura Dubrovnikdir! UNESCO-nun Dünya İrs Siyahısına salınan bu Xorvatiya şəhəri 15 əsrdən artıq tarixə malik olmasına baxmayaraq, çox gözəl qorunub saxlanılıb və açıq səma altında muzey hesab edilir. Bununla yanaşı, Dubrovnik çoxsaylı təmiz çimərliklərə, autentik restoranlara, təbiətlə ünsiyyət imkanlarına, aktiv və sağlamlıq turizminə malik şəhərdir.

Şəhər divarlarında gəzinti və ya Adriatik dənizinin incisi

Dubrovnikin yaşayış məntəqəsi kimi meydana çıxmasının Roma imperiyası dövründə baş verdiyi ehtimal olunur. V və ya VI əsrlərin geniş Roma-Bizans bazilikasının qalıqlarının aşkar edilməsi Dubrovnikin 1600 ildən çox tarixə malik olmasını sübuta yetirir. Şəhərin inkişafı hər şeydən əvvəl onun Adriatik dənizinin şərq sahillərində gözəl coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. XV əsrdə Venesiya donanması ilə yanaşı, Dubrovnikin ticarət donanması Aralıq dənizində ən iri sayılırdı. II əsrdən başlayaraq XIX əsrin əvvəlləri - Napoleonun işğalçı müharibələri dövrünədək Dubrovnik müstəqil respublika idi, ölkəyə knyaz başçılıq edirdi. İndiyədək Köhnə şəhərin divarlarında Knyaz sarayı qorunub saxlanılır. 

Müstəqillik illəri Dubrovnik üçün qızıl dövr olub, şəhər bir çox istiqamətlərdə inkişaf edib. Burada XIV əsrdə kanalizasiya xətti, XV əsrdə isə 11,7 kilometr uzunluğunda su kəməri çəkilib. Dünyada ilk karantin (səhiyyə məntəqəsi) XIV əsrdə Dubrovnikdə açılıb. Məhz buradakı Fransisko monastırının divarlarında XIV əsrin əvvəllərində yaradılan, dünyanın 3 qədim aptekindən biri yerləşir. Bu aptek günümüzdə də fəaliyyət göstərir. Əvvəlcə rahiblər üçün nəzərdə tutulan aptek, vaxt keçdikcə əsasən humanitar nöqteyi-nəzərdən monastır divarlarından kənarda da fəaliyyətini genişləndirib və ictimai obyektə çevrilib. Bu gün buradakı rəflərdə köhnə üsulla hazırlanan dərmanları da görmək olar.

Dövlət, həmçinin incəsənətin himayəçisi kimi də fəaliyyət göstərib. Fransisko monastırının aptekində 1106-cı ilə aid ən qədim musiqi səsyazmaları saxlanılır. Açıq səma altında müasir operaya bənzəyən ilk ictimai tamaşanı şəhər hakimiyyəti yerli müəllifə sifariş verib. 1552-ci ildə Knyaz sarayının qarşısında nümayiş olunan bu tamaşanı Dubrovnik teatrının başlanğıcı hesab etmək olar.

Dubrovnikin Köhnə şəhər mərkəzi - bir-birindən cəmi bir neçə dəqiqəlik piyada gəzinti məsafəsində yerləşən tarixi, memarlıq və mədəni məkanların əsas mərkəzidir. Qalalar, saraylar, muzeylər bu diyarın zəngin tarixi və mədəni irsi ilə daha yaxından tanış olmağa imkan yaradırlar. Bütün bu zənginlik Avropada qorunub saxlanılan ən yaxşı istehkam komplekslərindən biri hesab edilən hündür qala divarları ilə əhatə olunub.

1940 metr uzunluqda olan divarlarda 5 qala, 16 qüllə və istehkam ucalır. Qala divarları ziyarətə gələnlər üçün ilboyu açıqdır. Şəhər divarlarında gəzərkən Dubrovnik Respublikasının müdafiəsi üçün tikilmiş gözoxşayan istehkamları görmək olar. Beş qaladan üçü - Minçeta, Bokar və Müqəddəs İoann qalaları şəhər divarları daxilində, digər ikisi - qərbdə Lovrenats, şərqdə Revelin isə divarlardan ayrı yerləşir.

Məsələn, Müqəddəs İoann qalası şəhərin cənub-şərq istiqamətindən müdafiəsi üçün 1346-cı ildə tikilib, hazırda burada Akvarium və Dənizçilik muzeyi fəaliyyət göstərir. Muzeyin eksponatları Dubrovnik Respublikası yarandığı dövrdən İkinci Dünya müharibəsinədək və daha sonrakı illər ərzində şəhərdə ticarət və gəmiqayırmanın inkişafını əks etdirir.

Təxminən iki kilometrə yaxın uzunluqda olan divarlarda gəzinti Köhnə şəhər haqqında dairəvi panoramda görünüş əldə etmək üçün gözəl fürsətdir. Hər addımbaşı sizin qarşınızda şəhər memarlığının yeni səhnələri açılır: xüsusi harmoniya ilə dolu gizli bağlar və küçələr, meydanlar və tarixi abidələr.

Ta qədim zamanlardan Dubrovnikin sakinləri şəhərə iki əsas girişdən - şərqi Ploçe darvazasından və qərbi Pile darvazasından daxil olublar. Qaldırılan körpü isə sakinləri çağırılmayan qonaqlardan qorumaq məqsədi ilə gecələr yığılırmış. Pile şəhər darvazasından daxil olduqdan sonra pilləkənlə baş küçəyədək düşmək mümkündür. Bu küçə rəsmi olaraq Platsa adlansa da, daha çox Stradun adı ilə tanınır. Stradun Dubrovnikdə açıq səma altında əsas ictimai məkan, görüş və gəzinti üçün sevimli yerdir. Böyük mərasimlərin keçirilməsi ilə yanaşı, bura həm də iri ticarət zonasıdır. Bu məkan, həmçinin köhnə şəhər mərkəzini şimal və cənub hissələrə bölən enli və gözəl küçədir. Stradunun tarixçəsi XI əsrə gedib çıxır: Laus yarımadasını qurudakı əsas yaşayış hissəsindən ayıran kiçik dəniz kanalı bu dövrdə doldurulub. Küçə XII əsrin sonlarında, şəhər divarları ucaldılan zaman hər iki qəsəbənin birləşərək urbanistik vəhdət təşkil etməsi nəticəsində hazırkı görünüşünü alıb.

Stradunun qərb kənarında böyük Onofrio fəvvarəsi yerləşir. Fəvvarənin adı Dubrovnik su kəmərinin inşaatçısı Onofrio della Kavanın adından götürülüb. Stradunun əks tərəfində isə kiçik Onofrio fəvvarəsi yerləşir. Hər iki fəvvarədən axan buz kimi su bu gün də şəhərin sakinlərinə və qonaqlara sərinlik gətirir.

Sponza, "qara" makaronlar və Srdj

Köhnə şəhərin əsas görməli yerlərindən biri də 1516-1521-ci illərdə qotika-intibah üslubunda tikilmiş Sponza monumental sarayıdır. Dubrovnik Respublikası dövründə Sponzada anbarlar və gömrük yerləşib ki, bu da onun digər adının - Divonanın (italyanca tərcümədə "gömrük") haradan qaynaqlandığını göstərir. Yerli usta Paskoye Militseviçin layihəsi əsasında tikilmiş bu sarayda, həmçinin zərbxana və maliyyə idarəsi yerləşib. Hazırda Sponza sarayında Dubrovnik dövlət arxivi yerləşir. Burada XII əsrdən başlayaraq ta Dubrovnik Respublikasının süqutunadək olan sənədlər saxlanılır. Qanunvericiliyə dair və hüquq kitablarının məcmusu, o cümlədən 1272-ci ildə Dubrovnikin statutu (nizamnamə) və Osmanlı İmperiyasının ali hakimiyyəti dövrünü təsdiqləyən bir çox nadir və unikal sənədlər xüsusilə qiymətlidir.