Mətbəxdə hakimiyyət quran azərbaycanlı müğənni FOTO


Şou-biznes 30 Dek 2018 23:55:00 519 0

Mətbəxdə hakimiyyət quran azərbaycanlı müğənni  FOTO

Və ya 26 ildir arıqlamağa çalışan, amma arıqlaya bilməyən Tofiqin "dietik salatı" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu dəfə sizlərlə yeni rubrikamızda görüşürük. 5 ildir ki, "Kaspi"nin "Gənclik əlavəsi"ndə  müxtəlif rubrika, layihələrimizlə qarşınızdayıq. Bu müddət ərzində gənclərin uğurlarını, layihələrini  işıqlandırdıq. Bu dəfə isə rəsmilikdən bir az uşaqlaşıb, onları gündəlik qayğılarla məşğul olarkən sizlərə təqdim etmək qərarına gəldik. Müsahibimizlə ofisində, redaksiyamızda görüşmədik. Gəncləri mətbəxə salıb, onların əl qabiliyyətlərini yoxladıq. Öyrənməyə çalışdıq ki, çalışdıqları sahədə olduğu qədər, mətbəxdə də qabiliyyətlidirlərmi?   Beləliklə, "Gənclər mətbəxdə" rubrikamızın ilk qonağı, ölkəmizi Bolqarıstanda "Discovery İnternational" Pop Festivalda təmsil edən gənc müğənni Tofiq Hacıyevdir. O, bu müsabiqədə  "Ən yaxşı kişi səsi" və "Ən xariztmatik artist" nominasiyasında qalibi olub. Azərbaycanda keçirilən ilk "The Voice" yarışında "Görmədən dinləmələr" mərhələsində münsiflərin hamısını özünə tərəf döndərməyi bacarıb və 1/4  final mərhələsinə kimi yüksəlib. Azərbaycanda keçirilən "Formula 1" yarışlarının könüllülər himninin söz, musiqi müəllifi və ifaçısıdır.

Tofiqlə görüşümüz məhz onun ad gününə təsadüf etmişdi. 27 yaşını qeyd edən Hacıyev doğum günündə bizə salat hazırladı.

Yeməkləri bişirməyi və  yeməyi sevən ifaçı   Onunla söhbət edə-edə mətbəxə doğru yol alırıq. Önlüyünü geyinib, iş başına keçən ifaçımız deyir ki, yemək bişirməyi çox sevir: "Qarabağ aşından tutmuş, qayğanağa kimi, hər şeyi bişirməyi bacarıram. Mətbəxdə özümü rahat hiss edirəm. Hər zaman arzulamışam ki, elə bir məkanım olsun ki, bişirdiklərimi insanlara təqdim edə bilim. Keyfiyyətli musiqilərin səsləndiyi kiçik bir məkanda özümə məxsus olan yeməkləri insanlara təqdim etməyi arzu edirəm. Yemək bişirməyi də, yeməyi də sevirəm. Tərəvəzlərin isə həyatımda yeri ayrıdır.  Tərəvəzli yeməkləri xüsusilə sevirəm. Qarabağlı olduğum üçün Qarabağ aşının menyumda yeri ayrıdır".   Müsahibimiz söhbət edə-edə tərəvəzləri doğramağa başlayır. Ondan nə hazırladığını soruşanda isə aldığımız cavab gözlənilməz oldu: "Hazırladığım salatın adı 26 il arıqlamağa çalışan (özünü göstərir-X.R), amma arıqlaya bilməyən "Tofiqin dietik salatı" adlanır".

Gənc ifaçıdan gündəlik qida rasionunu xəbər alırıq. Çəkisi bir az ağır olsa da, yemək yemədiyini deyir: "Səhərlər yemək yeyə bilmirəm, çünki iştaham olmur. Günorta isə vaxtım olmadığından yemək yeməyi unuduram (gülürük). Çox zaman günorta saatlarında musiqi yazır, yeni TV  layihəmizin üzərində çalışıram. İşdən başım açılanda çalışıram ki, yeməkləri özüm hazırlayım. Ancaq evdə anamla problemlərimiz yaranır. Anamın sevmədiyi şey kiminsə onun mətbəxinə müdaxilə etməsidir. Dünyanın ən gözəl yeməyini bişirsəm də, o, heç vaxt mənim bişirdiyim yeməkləri tərifləmir". 

"Hələ də nəzarət altındayam"   Tərəvəzləri doğraya-doğraya özünü evdar kimi  təqdim edən Tofiq, həyatda iki şeyi - yeməyi və musiqini çox sevdiyini deyir. 27 yaşı tamam olan müğənniyə o məşhur sualı veririk: "Nə vaxt tərpənirsən?"

"Avtobusu deyirsiniz? Qismət Allahdandır. Hələ ki, subayam. Ailə quracağım xanımdan o qədər də böyük tələblərim yoxdur. Onu deyim ki, heç də gözəllik iddiasında deyiləm. Əsas odur ki, xasiyyəti yaxşı olsun. İnsan elə bir varlıqdır ki, zamanla ona öyrəşirsən və insanı tanıdıqca, o, sənə daha gözəl görünməyə başlayır. Həyat yoldaşımın da əl qabiliyyətinin yaxşı olmasını istəyirəm. Ancaq anam xasiyyətdə olsa, yəqin ki, məni mətbəxə keçməyə qoymaz.  Fəlakət olar".

Mətbəxdə səliqəli şəkildə işləyən T.Hacıyev deyir ki, əslində ev işləri ilə arası yoxdur, çox tənbəl olduğunu etiraf edir: "Siz gəlib otağıma baxsanız, görərsiniz ki, mətbəxdə olduğum qədər səliqəli deyiləm. Mənim otağımın halı hər zaman bərbad olur".


Xəbərə aid fotolar