Dağlara sığınan Bayan kəndi REPORTAJ FOTO


Digərləri 30 Dek 2018 22:55:00 724 0

Dağlara sığınan Bayan kəndi  REPORTAJ  FOTO

Daşkəsənin Bayan kəndi dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə, buludlardan nəm çəkən uca dağların qoynunda yerləşən ucqar kəndlərimizdəndir. Kəndin əkinəyararlı geniş torpaqları demək olar ki, yoxdur. Hazırda 2232 nəfərin yaşadığı kəndin sakinləri həyətyanı torpaqlarında əsasən maldarlıqla və arıçılıqla məşğul olurlar. Kəndin ətrafındakı meşələrin füsunkar mənzərələri hər kəsi heyran edir. Xüsusən də payızda. Bu fəsildə dağları əhatə edən meşələrdə təbiət sanki öz gözəlliyini sərgiləyir.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri ölkəmizin ən səfalı yaşayış məskənlərindən olan Bayan kəndinə gedib, yerli sakinlərlə görüşüb.

Kəndlə bağlı məlumatları Daşkəsən Rayon Mədəniyyət İdarəsinin əməkdaşı, kənddəki abidələrin mühafizəçisi Elşad Cabbarovdan öyrənirəm. Elşad Cabbarov deyir ki, Bayan qədim yurd yerlərimizdəndir. Hazırda kəndin ərazisində Tunc dövrünə aid daş qutu nekropol, Almabağı qalaçası, Son tunc - İlk Dəmir dövrünə aid nekropol, VII əsrə aid Həvari kilsəsi, VII-IX əsrlərə aid Çiçirəvəng alban məbədi, XV əsrə aid məbəd, körpü, XIX əsrdə salınmış körpü, 1823-cü ildə tikilmiş monastr və 1863-cü ildə inşa edilmiş kilsə var.

Yaşayış məntəqəsinin yuxarı hissəsində təpəlik üzərində salınmış qəbiristanlıq və oradakı qəbirlər tarixin daş yadigarları kimi bu gün də qorunub saxlanılır. Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri hələ İslamdan çox-çox əvvəl ulu babalarımızın dünyagörüşü və dini inancları barədə zəngin məlumat verir.

Bu qəbiristanlıqda olarkən abidə mühafizəçisi qarşıdakı dağları göstərib onların arxasında, meşəlikdə qədim bir məbədin olduğunu deyir. Abidəni görmək istəyi bizi çətin və təhlükəli yoldan çəkindirmir. Kəndin yeni qəbiristanlığının yanından başlayan bu yol uzun, bəzən də mümkünsüz görünür. Ekzotik macəra həvəskarları üçün cəlbedici görünən yol gah sıx meşənin içərisindən, gah kol-kos basmış dolanbac cığırlardan, gah da dibigörünməz təhlükəli qayalıqların üstündən keçdiyindən adamda vahimə yaradır.

Nəhayət, bir neçə saat çətin yolçuluqdan sonra qarşımızda heyrətamiz bir mənzərə açılır. Biz sal qaya üzərində dayanıb qarşıdakı dağın yamacında salınmış və bu yurd yerinin qədim tarixindən xəbər verən bir məbədin ümumi mənzərəsini seyr edirik. Məbədə yaxınlaşırıq. Böyük bir ibadət kompleksi olan məbədin baş ibadət otağı, zəng qülləsi, yaşayış və istirahət üçün çoxlu otaqları, geniş həyəti, bir neçə hovuzu, ətrafda isə dərin quyuları, gizli yeraltı yolları var.

Ümumiyyətlə, kəndin yollarında gəzərkən tikililərin ərazinin landşaftına uyğun yarusvari inşası, dağların ətəyində - sal qayaların üzərində salınması diqqəti çəkir. Qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən kəndin ərazisindəki bütün abidələr öz görkəmini saxlamaqla günümüzə qədər gəlib çatıb.

Həmsöhbətim deyir ki, Daşkəsən rayonu ərazisində qeydə alınmış tarix-memarlıq və mədəniyyət qoruğu yoxdur. Lakin Bayan kəndi tarix-memarlıq və mədəniyyət qoruğu elan edilə bilər. Çünki kənddə yerləşən bütün abidələr böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həmçinin turizm baxımından da cəlbedicidir.

Elşad Cabbarovun bu fikri ilə razılaşmamaq olmur. Ölkəmizin hər bir bölgəsi kimi, Bayan da öz qədim tarixi və füsunkar təbiəti ilə turistlərin marağını çəkə bilər. Məsələn, tarixi abidələrlə yanaşı, Gəncə-Daşkəsən avtomobil yolunun sıldırımlı ərazilərdən keçməsi, zirvələrdən üfüqlərə və dərələrə açılan ürəkaçan mənzərələr, dibigörünməz dərələrdən axan çaylar, bumbuz bulaqlar, şəlalələr "Daşkəsən Filizsaflaşdırma" ASC-yə məxsus asma kanat yolu rayona gələnlərə xoş təəssüratlar bağışlaya bilər.

Onu da deyim ki, dağların üzərində salınmış kəndin ümumi mənzərəsi və bu kənddəki evlərin maraqlı quruluşu vaxtilə kinomatoqrafçıların da diqqətini çəkib.

Belə ki, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan və "Mən ki, gözəl deyildim" povesti əsasında ekranlaşdırılan eyniadlı filmin demək olar ki, əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib.

Böyük Vətən müharibəsinin ağrılı-acılı illərində Azərbaycanın ucqar dağ kəndlərindən birində yaşayan sadə, zəhmətkeş və fədakar insanların taleyindən bəhs edən ekran əsərinin mərkəzində uşaq ikən anasını itirən, atasını cəbhəyə yola salan gənc qız Səidənin taleyi dayanır.