2018ci ildə elm və ekologiya sahələrində baş verən 10 ən mühüm hadisə açıqlanıb FOTO


Digərləri 30 Dek 2018 22:44:00 484 0

2018ci ildə elm və ekologiya sahələrində baş verən 10 ən mühüm hadisə açıqlanıb  FOTO

2018-ci il dünya elm aləmi və planetin ekoloji vəziyyəti ilə bağlı bir çox kəşflər, uğurlu tədqiqatlarla yadda qalıb. Son.az AZƏRTAC-a istinadən BBC-nin görkəmli alimlərin rəyləri əsasında tərtib etdiyi ilin 10 ən mühüm hadisəsinin siyahısını təqdim edir.

Qlobal istiləşmənin təhlükəsiz həddi

Bəşəriyyətin ən vacib problemlərindən biri olan qlobal istiləşmənin təhlükəsiz həddinin müəyyən edilməsi ekologiya sahəsində həyəcan təbilinin çalınmasına səbəb olub. Alimlər müəyyən ediblər ki, bu yüzilliyin sonunda temperaturun 2 dərəcə selsi artması böyük fəlakətlərə səbəb olacaq. Tədqiqatçılar beynəlxalq təşkilatlara və ölkələrin hökumətlərinə müraciət edərək, onları planetin orta temperaturunu təhlükəsiz həddə - 1,5 dərəcə selsidə saxlamaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. BMT-yə təqdim olunan müvafiq hesabat 2018-ci ildə keçirilən Katovitse konfransında da müzakirə olunub.

Planetimizdə ilk heyvanlar

Elm aləmində ən böyük kəşflərdən biri planetimizdə hazırda mövcud olan bir milyondan çox heyvan növünün mənşəyinin araşdırılması olub. 500 milyon il əvvəl Yer üzündə olan "Ediacaran biota" adlanan engimatik (sirli) həyat formalarının tədqiqatının nəticələri elm aləmində böyük hadisə hesab olunub. İndiki heyvan növlərinin təkhüceyrəli sələflərindən başlayaraq aparılan bu elmi araşdırmalar heyrətamiz faktları üzə çıxarıb. Bioloqlar göbələklərdən tutmuş mavi balina izlərinədək bütün təkamül prosesinin yeni sxemini hazırlayıblar. Sentyabr ayında isə onlar "Ediacaran" növünün fosillərindən çıxarılan xolesterini düz meduzanın hüceyrələri ilə müqayisə ediblər və yarım milyard il əvvəlki heyvanların mənşəyini aydınlaşdırıblar.

Plastik tullantılar problemi

Tanınmış ekoloq Devid Ettonboronun BBC televiziya kanalında təqdim etdiyi plastik tullantılar problemi dünya ictimaiyyətini sözün əsl mənasında heyrətləndirib. Aprel ayında jurnalist Devid Şukmanın İndoneziyada Yava adası sahillərində, digər yerlərdə aşkar etdiyi nəhəng plastik tullantı zibilliyi ekoloji vəziyyətin fəlakət həddinə çatdığını göstərib. Alimlər bildiriblər ki, yaxın on ildə okean və dənizlərin çirklənməsi üç dəfə artacaq və daha ciddi ekoloji problemlər meydana gələcək. Hazırlanan müvafiq hesabatda qeyd olunub ki, yoxsul ölkələrin plastik tullantıları utilizasiya etmək imkanının olmadığı bir şəraitdə beynəlxalq təşkilatlar hərəkətə keçməlidirlər.

Neytrinoların Yerə gətirdiyi enerji

2028-ci ilin mühüm elmi nailiyyətlərindən biri də astronomların və nüvə fiziklərinin neytrinoların yeni xüsusiyyətlərini müəyyən etməsi, bu hissəciklərin kosmosdan gətirdikləri enerjinin ölçülməsidir. Antarktidada yerləşən "IceCube" unikal teleskop-stansiyası bu enerjinin təsirini və neytrinoların buzlara çırpılması gücünü dəqiqliklə ölçə bilib. Müəyyən edilib ki, bu hissəciklər işıq ili sürəti ilə (10 trilyon kilometrə yaxın) Günəşdən Yerin atmosferinə doğru uzun məsafə qət edirlər. İyul ayında isə neytrinoların "blazar" tipli qalaktikadan gəldiyi dəqiqləşdirilib.

Marsın və Ayın səthində tapılan buz

Başa çatan il astronomlar üçün Yerin süni peykinin və Mars planetinin səthində su tapılması ilə əlamətdar olub. İyul ayında Qırmızı planetin səthində 20 kilometrlik ərazidə buz səthi aşkar edilib. NASA-nın "Curiosity" zondunun apardığı tədqiqat Marsda həyat əlamətləri olması fərziyyələrini yenidən gündəmə gətirib. Lakin Böyük Britaniya Açıq Cəmiyyətinin nümayəndəsi Maniş Patel bu tapıntının planetdə həyatın olmasına dəlalət etmədiyini bildirib.

Hindistanın "Çandrayaan-1" kosmik gəmisinin göndərdiyi məlumatlarda isə Ayın şimal və cənub qütblərində buz təbəqəsinin olduğunu göstərir. Bu məlumatın tam dəqiqliyi ilə araşdırılması Yerin süni peykinə göndəriləcək astronavtların üzərinə düşəcək.

Stounhenc abidəsini tikənlərin aqibəti

DNT analizləri min illər əvvəl yaşamış insanların fəaliyyətinə işıq salmağa da imkan verir. 2018-ci ildə bu sahədə edilən ən böyük kəşf isə 4500 il əvvəl Britaniyaya köç edən qəbilələr haqqında sensasiyalı faktların üzə çıxarılması olub.

Neolit dövrünün britaniyalıları Stounhenc sal daşlarını ucaldıblar, lakin sonradan Beker insanları adlanan tayfa tərəfindən bu yerlərdən qovulublar. Araşdırma zamanı məlum olub ki, britaniyalıların genlərinin 90 faizi cəmi bir neçə yüz il əvvəl dəyişib. Bunun dəqiq səbəbi bilinməsə də, dəyişikliyin fəlakətlər və müharibələrlə əlaqədar olduğu ehtimal edilir.


Xəbərə aid fotolar