2018ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı


Digərləri 30 Dek 2018 20:45:00 473 0

2018ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı

Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı.

Son.az Trend-ə istinadən bildirir ki, bu ildə ölkədə ən böyük elm təşkilatçısı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezident və vitse-prezident vəzifələrinə seçkilərin keçirilməsi elm sahəsinin ən böyük hadisələrindən sayıla bilər.

Seçkilərin nəticələrinə əsasən, növbəti 5 il üçün AMEA-nın prezidenti vəzifəsinə qurumun bundan əvvəl də prezidenti olmuş akademik Akif Əlizadə seçilib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Nərgiz Paşayeva, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova isə növbəti 5 il üçün vitse-prezident vəzifələrinə seçiliblər. Beləliklə, bu il Akademiyanın vitse-prezidentlərin sayı 6-ya çatdırılıb.

Cari ilin ən mühüm hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı olub. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyub.

Prezident fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulur. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman reklam siyasətinə də yenidən baxmağı tələb edir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətinin mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacağı gözlənilir.

2018-ci ili gərgin keçən müzakirələri ilə yaddaşlarda saxlayan məsələlərdən biri də Azərbaycan dilinin orfoqrafiya qaydalarının yenidən hazırlanması ilə bağlı olub. İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydasının dəyişdirilməsi, qoşa "y" samiti ilə yazılan sözlərdə bir "y" samitinin ixtisar edilməsi, "Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması və s. müddəalar öz əksini tapsa da, bu təkliflərin hamısı qəbul edilmədi. Bir neçə ay davam edən gərgin müzakirələrdən sonra layihə Nazirlər Kabinetinə təqdim edilib.