Mərkəzi Bank 2019 siyasətini elan etdi:


Digərləri 30 Dek 2018 09:29:00 258 0

Mərkəzi Bank 2019 siyasətini elan etdi:

Mərkəzi Bank həmişə olduğu kimi, ilin sonunda növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, bəyanatda Mərkəzi Bankın 2018-ci ildəki siyasətini davam etdirəcəyi və pul-kredit siyasətini yumşaltmağa tələsmədiyi məlum olur:

"2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4% ±2%) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq. Bəyanatda hökumət üçün də mesaj var. Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır. Mərkəzi Bank isə öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini il boyu fors-major hadisəsi olmasa, daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda "manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir" fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır".

İqtisadçının sözlərinə görə, bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir:

"Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib. Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur".