Ziyanda olmaq istəməyən bu 2 xüsusiyyətə diqqət etməlidir


Digərləri 29 Dek 2018 19:10:00 261 0

Ziyanda olmaq istəməyən bu 2 xüsusiyyətə diqqət etməlidir

Quran və hədislərimiz həqiqi möminin sifətlərini bizə tanıtmışdır və hansı əməlin daha fəzilətli olduğunu vurğulamışdılar.

Mömin üçün ən zəruri sifətlərdən biri budur ki, imanı güclü olsun və bu iman sayəsində haramlardan çəkinib, vacibatları yerinə yetirsin.

Həqiqi mömin o kəsdir ki, Quranın əmr etdiyi vacibatları yerinə yetirər və haram buyurduqlarından uzaq olar.

Mömin əgər ali dərəcəyə çatmaq istəyirsə, vacibatları yerinə yetirməklə yanaşı, müstəhəb əməllərə də üz tutmalıdır. Həmçinin, xeyir əməllər yerinə yetirməlidir.

Allah Təala Quranda buyurur: "Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 2-3).

Yəni, həqiqi mömin imanla bərabər saleh əməl yerinə yetirməlidir. O cümlədən namazı, orucu, zəkatı, xümsü, yoxsullara yardım etməyi ilk sırada qərar verməlidir.

Bu surənin 3-cü ayəsində iki əmələ əmr olunmuşdur: haqqa dəvət etmək və səbirə dəvət etmək. Haqqa dəvət dedikdə, bir çox əməl nəzərdə tutula bilər, o cümlədən əmr-be-məruf və nəhy-əz-munkər kimi. Səbrə dəvət dedikdə də, bir çox əməl zehnə gəlir. O cümlədən, başqalarına müsibət baş verən zaman, səbirli olmasını tövsiyə etmək kimi.

Qurana nəzər salsaq, görərik ki, bəzən səbir sözü oruca da şamil olur.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir insan üçün həyatında günah zəminələri hazır olar. Əgər insan bu günahdan özünü saxlayar və səbir edərsə, bu da həmin ayənin demək istədiyi səbir mənasını verə bilər.

Bir sözlə, mömin bu səbri ilə həqiqi möminliyin ən ali dərəcəsinə çata bilər.

Həzrət Yusif (ə) Züleyxanın günaha dəvətindən sonra səbir etdiyi üçün, Misirin əzizi vəzifəsinə qədər ucalır.

Ona görə də deyə bilərik ki, həqiqi mömin ilk növbədə vacibatları yerinə yetirib, haramlardan çəkinməlidir. Təqvasını və imanını artırıb, müstəhəb və xeyir əməllər görərək, Allaha yaxınlaşmalıdır.