Sərxoş ata ailəni təhqir etdi, oğlu tərəfindən öldürüldü


Kriminal 29 Dek 2018 17:44:00 361 0

Sərxoş ata ailəni təhqir etdi, oğlu tərəfindən öldürüldü

Kürdəmirdə atasını öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mətləb Nizamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, Mətləb Nizamov 27 iyun 2016-cı ildə, saat 22 radələrində Bakı şəhərində olarkən arvadı Samirə Nizamova ona zəng edib.

Samirə Nizamova ərinə atasının spirtli içki qəbul edərək onları incitdiyini, nalayiq ifadələrlə təhqir etdiyini, özünü evdəkilərə qarşı aqressiv apardığını bildirib.

Atadan ailəyə qarşı hörmətsizlik

Bundan sonra Mətləb Nizamov iyunun 28-də, saat 17 radələrində Bakı şəhərindən Kürdəmir rayonuna evlərinə qayıdıb. O, həyətə girərkən atası Əflatunun sərxoş vəziyyətdə, əlində araq şüşəsi orada oturduğunu görüb.

Mətləb Nizamov qışqıra-qışqıra atasına "sən nə istəyirsən bu ailədən, niyə qoymursan rahat yaşayaq", - deyib. Bu zaman Əflatun ona "hamınızı qıracağam, öldürəcəyəm" deyərək cavab verib.

Səs-küy, dava

Həmin vaxt səs-küyə qonşuluqda yaşayan Mətləbin əmisi qızı Xalidə Məmmədova gəlib. Xalidə əmisi Əflatundan bu ailədən nə istədiyini soruşub. Əflatun bu zaman Xalidəni də təhqir edib.

Daha sonra Mətləb Nizamov atasından başqa anası Məlahət Nizamova, əmisi qızı Xalidə Məmmədova, arvadı Samirə Nizamova ilə birlikdə evə girib, televizorda yayımlanan seriala baxıblar.

Təhqiramiz ifadələr

Təxminən 10 dəqiqə sonra Əflatun həyətdən onların ünvanlarına ucadan nalayiq ifadələr işlədib. Sonra həyətdə olan baltanı götürərək evə daxil olub.

Əflatun baltanı onlara atan zaman Mətləb ayağa qalxaraq atasının sol qolunu tutub və burduğu vaxt anası Məlahət və əmisi qızı Xalidə baltanı Əflatunun əlindən zorla alıb.

Sonra Əflatunu həyətə çıxıb. onlar yenidən seriala baxmağa davam ediblər. Təxminən 15-20 dəqiqədən sonra yenidən Əflatunla Mətləbin arasında mübahisə düşüb.

Əlbəyaxa dava və qətl

Mübahisə zamanı onların səsinə Məlahət həyətə çıxıb. Həmin vaxt Əflatun Mətləbin boğaz nahiyəsindən yapışıb və əxlaqsız ifadələr işlədib.

Atasının bu hərəkətlərinə dözməyən Mətləb orada olan bıçağı götürüb və anasının gözləri qarşısında atasına bir neçə bıçaq zərbəsi vurub. Əflatun Nizamov hadisədən bir

qədər sonra öz oğlunun və qohumlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Mətləb Nizamovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.