İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində olublar


Digərləri 29 Dek 2018 16:59:37 202 0

İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində olublar

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər. Aİİ-dən Trend-ə verilən məlumata görə, ilk öncə institutun şəxsi heyəti Qəbələ rayon icra hakimiyyətinin məsul işçiləri ilə birlikdə Qəbələ şəhərinın mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib. Səfər zamanı Qəbələ şəhər məscidinə ziyarət təşkil olunub. Aİİ kollektivi dini müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısını əks etdirən fotoguşə ilə tanış olub. Ziyarət zamanı kollektivə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 mömin ibadət edə bilir. Bildirilib ki, məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılıb, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub. Daha sonra Aİİ əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsini ziyarət ediblər. Aİİ heyətinə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Bütün bunlarla yanaşı qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur.