Tehran Bakını hədəfə alan yalançıları eşitmir?


Siyasət 29 Dek 2018 13:57:00 771 0

Tehran Bakını hədəfə alan yalançıları eşitmir?

"Dağlıq Qarabağ və erməni işğalındakı Azərbaycan əraziləri qeyd-şərtsiz, heç bir ilkin tələblər olmadan tamamilə azad edilməyincə Ermənistanla hər hansı formada rəsmi və ya diplomatik əlaqələr qurmaq niyyətində deyilik".

Bu, Səudiyyə Ərəbistanının onillər əvvəl səsləndirdiyi rəsmi mövqedir. Ər-Riyad sözünün üstündə durur və İrəvanda səfirlik açmamaqla kifayətlənməyərək bütün beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı dövlət olduğunu bəyan edir.

Səudiyyə Ərəbistanı Fars Körfəzi ilə yanaşı, bütün Yaxın Şərqin və müsəlman aləminin ən nüfuzlu ölkələrindən biridir.

Üstəlik, istisnasız olaraq bütün (!) beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini müdafiə edir və ən başlıcası, tez-tez "biz qardaş ölkəyik, ortaq tariximiz və mədəniyyətimiz var" tipli ifadələrə də yer vermir.

Müqəddəs Məkkə və Mədinə şəhərlərində Azərbaycandan getmiş zəvvarlar, Səudiyyə Ərəbistanında olan soydaşlarımız əziz qonaq kimi qarşılanırlar.

Ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edir.

Bütün bunlar faktların sadalanması da sayıla bilərdi: gerçəklik olmasaydı.

Və həmin gerçəkliyin bir məqamı da odur ki, Səudiyyə Ərəbistanı ilə bahəm, Fars Körfəzinin bütün ölkələri Azərbaycanla səmimi, normal və qarşılıqlı mənfəət verən əlaqələr qurublar. Bəhs etdiyimiz ölkələr geosiyasi məsələlərdə Azərbaycanın dostu, tərəfdaşı və müttəfiqi kimi çıxış edirlər.

Təbii ki, yaşanan situasiyaya Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrin tarixi və bu günü, Ər-Riyadla Bakı təmaslarının perspektivlərinin ehtimalları çox ciddi təsir göstərir.

Ən nəhayət, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı fasiləsiz, özü də aktiv şəkildə artır.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi statistikasına görə, ötən il Səudiyyə Ərəbistanından ölkəmizə 33273 turist gəlib. Bu il isə həmin göstərici daha da artıb.

Bu arada onu da vurğulayaq ki, Azərnbaycandakı bəzi kütləvi informasiya vasitələrində ölkəyə ərəb ölkələrindən gələn turistləri hədəfə alan yazı və xəbərlərin sanki klon təki məzmun, amplua və fikir baxımından bir-birlərinə oxşar olmaları, habelə bu yazıların İrandakı bəzi radikal mass-media vasitələrindəki "Ərəblər Azərbaycanı yenidən istila edir" tipli hədyanlarla yaxınlıq təşkil etmələrini təsadüf sayacaq qədər sadəlövh də deyilik.

"Pars"ın absurd "təhlil"i

Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri bir sıra ölkələri ciddi narahat edir.

Əfsuslar olsun ki, "Azərbaycan vəhabi rejimi ilə sıx təmaslardadır" marazmını dəstəkləyən media strukturları arasında İranın kütləvi informasiya vasitələri xüsusi yer tutur.

Tehrandakı hakimiyyətin daxilindəki qruplaşmalar arasındakı təsir savaşının nəticəsi də sayıla biləcək belə "açıqlamalar" bütün hallarda Azərbaycan-İsrail əlaqələrinin vurğulanması ilə də müşayiət olunur.

Məsələn, İranın Dövlət Teleradio Şirkətinin (Seda və Simaye Comhuriye Eslamiye İran, ingiliscə "slamic Republic of Iran Broadcasting, İRİB) strukturu olan "Pars Today" radiosu 6 gün sərasər "Bakı ilə Ər-Riyad arasında əlaqələr" adlı xüsusi reportaj-təhlilini yayır.

6 hissədən ibarət bu psevdoanalitik "təhlil" qərəzli, subyektiv və aşkar şəkildə Azərbaycana qarşı yönəlmiş çağırışlarla, şərhlərlə zəngindir.

"Təhlil"in hələlik sonuncu, 6-cı buraxılışında Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının fasiləsiz artımı narahatlıqla vurğulanır və əndişə dolu ritorika səsləndirilir: "Əcəba, Azərbaycanın səudilər, ümumiyyətlə, ərəb turistlər vasitəsilə əldə etdtiyi gəlir millətin adət və ənənələrinin, həyat qaydalarının pozulmasına belə, səbəb olacaq təsirdən daha önəmlidir?!"

Sən demə, "Pars Today" narahat olub ki, ərəb turistlər Azərbaycanın mədəniyyətini və sosial həyatını, biz azərbayanlıların adət və ənənələrini dəyişəcəklər.

Belə "narahatlıq" ironiya doğursa da, düşünməyə vadar edir.

Və biz də öz növbəmizdə İranın Dövlət Teleradio Şirkətindən, İRİB rəhbərliyindən soruşuruq: Azərbaycana gələn ərəb turistlərin sayının artması niyə Tehrandakı bəlli qüvvələri, radikal mühafizəkarları, hər yerdə və hər olayda "vəhabi-sionist barmağı" axtaranları narahat edir?!

İran bizi dost və qardaş ölkə saydığını fasiləsiz bəyan edirsə, cənub qonşumuzun hakimiyyət dairələri nə üçün "Pars Today"dəki yarıtmaz "düşüncə məhsulu"na reaksiya vermirlər?!

Təbii, "bu, İrandakı smöz azadlığının nümunəsidir" deyilə bilər.

Bəs onda Azərbaycan mediasında, özəl qurumlar olan bu və digər KİV-də İrandakı vəziyyətlə bağlı yazı, reportaj, təhlil və s. dərc olunanda, səslənəndə və ya göstəriləndə Tehrandakı müvafiq qurumlar nədən "narahatlıqlar"ını Bakıya çatdırırlar?!

Suallar çoxdur, amma hələlik bu sorularla kifayətlənək.

Qara qızıla qara böhtan

"Bakı-Riyad əlaqələri" adlı reportajlar seriyasında ilk əvvəl Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerjidaşıyıcıları hasilatı, emalı və daşınması sahələrində işbirliyindən bəhs olunur.

Xüsusilə vurğulanır ki, İranın şimal qonşusu olan Azərbaycan "İranın maraqlarına qarşı çıxan" Səudiyyə Ərəbistanı ilə yanaşı, İsraillə də sıx tərəfdaşlıq və əməkdaşlıq edir.

"Pars Today"ı "qara qızıl" bazarında Azərbaycanla Səudiyyə Ərəbistanında sıx işbirliyi narahat edir. Süni, heç bir real və məntiqi səbəbi olmayan əndişə o səviyyəyə çatıb ki, Azərbaycan az qala "bütün nefti ərəblərlə sionistlərə satmaq"da suçlanır.

Subyektiv ittihamın absurdluğunu şərh etmək niyyətində deyilik. Nədən ki, Azərbaycanda hasil edilən xam neftin və təbii qazın hansı şirkətlər vasitəsilə hansı ölkələrə satılmasının şəffaf, açıq mənbələrdəki statistikasına nəzər salınsın.

Eyni zamanda, Azərbaycanda neft-qaz hasilatı sahəsində İranın yetərincə fəal iştirakının və Bakı ilə Tehran arasında enerjidaşıyıcıları nəqli sektorundakı birgə layihələrin miqyası da nəzərə alınarsa, obyektiv mənzərə yaranar.

OPEC və OPEC+ çərçivəsində Ər-Riyadla Bakı arasında əlaqələndirilmiş, razılaşdırılmış fəaliyyət var. Bəli, bu, belədir və vəsilələr də mövcuddur.

Azərbaycanın neft ehtiyatları və hasilat həcmi Səudiyyə Ərəbistanı ilə müqayisədə aşağı olsa da, ölkəmiz "neft dövlətləri" reytinqində üst yerlərdən birindədir. Qlobal bazarlarda "qara qızıl"ın qiymət dəyişiklikləri və neft fyuçerslərinin ticarəti müstəvisində optimal nəticələr əldə etmək üçün ölkələrimiz tərəfdaşlıq edir.

İran da Azərbbaycanın neft-qaz sahəsində əməkdaşlıq etdiyi ən iri tərəf-müqabillərdən biridir. Bu halda "Pars Today"in mövqeyi yumşaq desək, mücərrəddir.

Məsələ mədəniyyətdir?

"Səudiyyə Ərəbistanın məqsədi əhalisinin əksəriyyəti şiə olan Azərbaycana təsir imkanları əldə etmək, ən müxtəlif vasitələrlə Azərbaycanın mədəni və dini həyatına nüfuz etmək, öz sözünü demək imkanı əldə etməkdir", - "Pars Today" bildirir.

Sosial və mədəni yaşamdan bəhs ediriksə, 16 müxtəlif etnos və xalqın yaşadığı, əhalisinin minimum 26,5 faizini azərbaycanlılar təşkil etdiyi, habelə lorlar, gilanlılar, kürdlər, türkmənlər, beluclar və s. kimi etnoslara vətən olan İranın dövlət media strukturundakı radiostansiyanın yalnız farsların adına işarə olaraq "Pars Today" adlanmasının özü, fikrimizcə, o qədər də dürüst qərar deyil.

Hər halda adı "İran Today" olacaq radiostansiya mədəni və sosial problemlərlə bağlı tənqid, yaxud təhlilə vara bilər: bir etnosu üst, yerdə qalanları subetnos saymağı normal hesab edənlər yox.

İran Azərbaycanın qonşusu, vətəndaşlarımızın rəğbət bəslədikləri, ölkə mediasında uğurlarına sevinildiyi bir ölkədir. Azərbcaycan rəsmiləri də indiyədək daim İranın maraqlarını və Tehranın mənafelərini nəzərə almağa çalışıblar.

Rəsmi Bakı xarici siyasətində İranın regional çıxarlarını daim nəzərdə saxlamaqla yanaşı, cənub qonşumuzu qardaş ölkə sayır və diplomatiyasında da bu məqama xüsusi yer verir.

Sadəcə, bir fakt: ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqolar və sanksiyalarla bağlı Vaşinqtonun bütün təzyiqlərinə, pressinqinə rəğmən, sadəcə iki ölkə - Azərbaycan və Türkiyə - Tehranla imzaladıqları anlaşmaların heç birindən (!) geri çəkilməyib.

Hətta Çin və Rusiya belə, İrandakı enerji layihələrini dayandırdıqlarını bəyan etdikləri indiki dövrdə Ankara və Bakı Tehrana "Yanındayıq!" mesajı veriblər.

İran hakimiyyəti Bakının siyasətini yüksək dəyərləndirir, ölkələrimiz arasındakı əlaqəqələrin inkişafına, qardaş saydığımız ölkə ilə təmaslarımıza xüsusi önəm verir.

Məhz bu səbəbdən Azərbaycanı Səudiyyə Ərəbistanı ilə "İrana qarşı işbirliyi" motivasiyalı əlaqələr qurmaqda suçlamaq, ən azı, absurddur.

Göründüyü kimi, "Azərbaycanda vəhabilər özlərini əla hiss edir və onlar Səudiyyə Ərəbistanına güvənir" kimi marazmın "Pars Today"da səslənməsi heç də mədəniyyətlə bağlı narahatlıq deyil.

"Qafqaz məsələləri üzrə mütəxəssis, analitik" kimi təqdim olunan Qəhrəman Nuraninin dedikləri isə ümumiyyətlə, fantasmaqoriya həddindəki təxəyyül gərdişidir.

Belə ki, Q.Nuraninin sözlərinə görə, İsrail və Səudiyyə Ərəbistanı "Azərbaycanı ələ keçirmək"lə ölkəmizdən İrana qarşı "istifadə edirlər".

Nuraninin sərsəm iddialarını onun məlumatsızlığına və savadsızlığına bağışlamaq istərdik, çünki İsrail və Səudiyyə Ərəbistanı ilə müqayisədə, Azərbaycanın İranla əlaqələri dəfələrlə intensiv, şaxəli və genişmiqyaslıdır.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ötən ilin aprel ayında Səudiyyə Ərəbistanına səfəri və Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşərək danışıqlar aparmasını, bu ilin fevralında isə Azərbaycanın DİN başçısı Ramil Usubovun səudi həmkarı Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz ilə görüşməsini xüsusi vurğulayan "Pars Today" Azərbaycan iqtidarının digər nümayəndələrinin Ər-Riyaddakı nazirlərlə təmaslarından bəhs edir, bunu "vəhabilərin fəallığı" kimi qələmə verir.

Bu da azmış kimi "Əhli-beyt düşməni olan Səudiyyə rejimi" Azərbaycanda vəhabiliyi yaymaq üçün çeşidli taktikalardan yararlanmaqda suçlanır, rəsmi Bakının da "bütün bunların müqabilində real heç bir addım atmaması" deyilir. Eyni zamanda, Kəbə və Məscidi-Nəbinin ziyarəti zamanı "Azərbaycanın hakimiyyət mənsublarına xüsusi rejim yaradılması" vurğulanır.

"Pars Today"ın daha bir "ittiham"ı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin 2017-ci ilin noyabrında Səudiyyə Ərəbistanındakı Kral Abdulla adına Beynəlxalq Dialoq Mərkəzinin İdarə Heyətinə üzv seçilməsi ilə bağlıdır. Möhtərəm şeyxülislamın onlarla beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunduğunu nəzərə alsaq, "Pars Today"ın məntiqinə görə, rəsmi Bakı həmin qurumların yerləşdikləri ölkələrin dinlərini və inanclarını Azərbaycanda yayır?!

"Azərbaycanda şiə məscidləri vəhabi məscidlərinə döndərilir". "Pars Today"dəki "analitik"lər  bu ifadəni səsləndirəndə, bir anlıq da olsa, düşünüblərmi? Və belə ağ yalana görə, öz vicdanları qarşısında hesabat veriblərmi?! Ən azı ona görə ki, Azərbaycanda məscidlər təriqət mənsubiyyəti bölgüsündə deyil, vəhabilərin də ölkədə bir məscidi belə, yoxdur.

İrrasional təfəkkürün də bir həddi olar axı.

Ağır problemlərlə qarşılaşan, beynəlxalq arenada çox ciddi təzyiqlərlə üzləşən İran indi gerçək tərəfdaşı, dostu və tərəf-müqabili olan Azərbaycana əvvəlki dönəmlərlə müqayisədə, daha çox dəyər verməlidir.

İranı qonşu, dost və qardaş ölkə sayan Azərbaycana qarşı absurd səviyyəsində ittihamlar səsləndirən, ağ yalan yayan "Pars Today"in "araşdırması"nınsa ilk əvvəl Tehranın maraqlarına qarşı yönəldiyini cənub qonşumuzun hakimiyyət dairələri dərk etməlidir.

Azərbaycanın ərəb aləmi ilə əlaqələrinə xələl gətirmək məqsədilə müxtəlif "əsaslar"la, xüsusilə də "din məsələsi" vasitəsilə xələl gətiirməyə çalışan "Pars Today"ın uzun-uzadı "təhlili" isə bizdə, sadəcə, təəssüf hissi doğurur.

Elçin Alıoğlu Son.az