Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamının icrası tam təmin edildi


Siyasət 29 Dek 2018 11:15:00 574 0

Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamının icrası tam təmin edildi

Cari ilin 19 dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.

Son.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərəncama əsasən nazirlik 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan 42 425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.

Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. Belə ki, cari ildə kiçik ailə təsərrüfatları yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən 1000-i məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.