Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuş konsert keçirilib


Digərləri 29 Dek 2018 08:03:00 557 0

Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuş konsert keçirilib

Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan müğənnisi, xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunub.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosu "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə Tükəzban İsmayılovanın repertuarında olan mahnılar səsləndi. Xalq artisti Teymur Mustafayev - "Maralım", əməkdar artistlər Arzu Əliyeva - "Yolunu gözləyirəm", Rəşad İlyasov - "Yar incidi", Cavanşir Məmmədov -"Ceyranım gəl", Gülüstan Əliyeva -"Ey pəri", Firuzə İbadova -"Gəl gözəlim", Azərbaycan Televiziyası və Radiosunun solistləri Günay İmamverdiyeva -"Bülbüllər oxur", Rəvanə Əmiraslanlı -"Qaragöz" və xanəndə Ariz Hüseynov -"Buludlar" mahnılarını ifa etdilər.

Konsert Arzu Əliyeva, Rəvanə Əmiraslanlı və Ariz Hüseynovun birgə ifasında - "Leylam" xalq mahnısı ilə sona çatdı.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.