“KOB Dostu” Quba və Qusarda fəaliyyətə başlayıb


Digərləri 28 Dek 2018 14:39:45 286 0

“KOB Dostu” Quba və Qusarda fəaliyyətə başlayıb

Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba və Qusarda "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Qubada "KOB Dostu"nun fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğunu vurğulayıb, Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, "KOB Dostu" sahibkarlara yeni kiçik və orta biznes sahələrinin yaranmasında, mövcud biznes fəaliyyətinin genişləndirilməsində xidmətlər, müxtəlif istiqamətlər üzrə dəstək göstərəcək. Hazırda Masallı, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda "KOB Dostu" fəaliyyət göstərir. Natiq Həsənov Quba-Xaçmaz iqtisadi rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları "KOB Dostu" ilə sıx əməkdaşlığa dəvət edib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Xudaverdiyev rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlərdən danışıb, "KOB Dostu"nun rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.

Həmçinin tədbir çərçivəsində "KOB Dostu" ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra iştirakçılar "KOB Dostu"nun ofisi ilə tanış olublar. Texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici materiallarla təmin olunmuş ofisdə sahibkarlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.


Xəbərə aid fotolar