Qadın yoxdursa, meydan "üzdəniraq"lara qalır


Digərləri 28 Dek 2018 13:34:00 268 0

Qadın yoxdursa, meydan "üzdəniraq"lara qalır

Normal intim həyat yaşamayan şəxslərdə aqressiya, psixoloji pozğunluq yaranır. Bu cür şəxslərdə, hətta zorakılıq halları da müşahidə etmək mümkündür. Mütəxəssislər də iddia edirlər ki, normal intim həyat yaşamayan şəxslərdə cinayətə meyllilik digərləri ilə müqayisədə daha yüksəkdir.

Bəlli səbəblərdən normal intim həyatdan məhrum olan şəxslərin bir qismi də məhbuslardır. Hətta bir çox ölkələrdə məhbuslar dəfələrlə intim münasibətlərinin təmin olunması üçün etiraz şüarları səsləndiriblər. Onlar "intim həyatımız olarsa, biz bu qədər aqressiv olmarıq" - deyə hökumət rəsmilərinə səsləniblər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhbuslara ildə bir neçə dəfə intim münasibət yaşamaq üçün şərait yaradılır. 

Son.az xəbər verir ki, hüquqşünas Elvin Səlimov sputnik.az-a məsələnin hüquqi tərəfi haqda danışıb: "Azərbaycanda ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və məntəqə tipli cəzaçəkmə müəssisələri və həbsxanalar var. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər il ərzində 48 qısamüddətli və 4 uzunmüddətli görüşlə təmin olunur".

"Uzunmüddətli görüşə məhkumların ailə üzvləri və yaxınları gələ bilərlər. Bu zaman məhkuma ailə üzvü ilə gecələmək imkanı verilir. Uzunmüddətli görüş 1-2 gün ola bilər. Qısamüddətli görüşlər isə saatlarla davam edir. Məhbus həbsxanadaxili qaydalara riayət etdikdə isə, ona əlavə olaraq il ərzində daha 4 uzunmüddətli görüş almaq imkanı verilir. Bundan əlavə həmin məhkumlar hər il cəzaçəkmə müəssisəsinin qərarı ilə qısa müddətdə hüdudlardan kənara səfər edə bilirlər" - hüquqşünas bildirib.

"Ciddi rejimdə cəzaçəkmə müəssisəsində ağır cinayətə görə ilk dəfə məhkum edilmiş, sonradan cəzasının qalan hissəsinin çəkilməsi üçün ümumi rejimli müəssisələrə göndərilən məhkumlara da görüş imkanı verilir. Onlar il ərzində 24 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilirlər. Cəzanın icrası qaydalarını pozmadıqda isə onlar il ərzində əlavə olaraq 12 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilərlər" - deyə o, əlavə edib.

E.Səlimov ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindəki vəziyyət haqda da məlumat verib: "Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara il ərzində 12 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Cəzanın icrası qaydaları pozulmadıqda isə əlavə olaraq 6 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə məhkumlar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilərlər. Cəzanın icrası qaydaları pozulmadıqda onlara il ərzində 2 qısamüddətli, 1 uzunmüddətli görüş almaq hüququ verilir".

Müsahibimizin sözlərinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində məhbuslara məhdudiyyət olmadan qohumları və başqa şəxslərlə yazışmağa, görüşməyə imkan verilir: "Onlar hətta 12 saat cəzaçəkmə müəssisəsindən kənarda ola bilərlər. Həbsxana rejimində cəza çəkən məhkumların ümumi və ciddi saxlanma rejimi var. Ümumi saxlanma şəraitində məhkumlar qısamüddətli 4, uzunmüddətli olmaqla isə, 2 görüş almaq hüququna malikdir. Cəzanın icrası qaydalarını pozmadıqda və cəzanın yarısından çoxu çəkilmiş olarsa, bu zaman məhbus 1 uzunmüddətli görüş ala bilər".

"Ciddi saxlanma şəraitində cəza çəkən məhkumların uzunmüddətli görüşü yoxdur. Onlar yalnız 6 ayda bir dəfə qısamüddətli görüş almaq hüququna malikdirlər. Bundan əlavə, ömürlük azadlıqdan məhrum edilən məhbuslar var ki, onlar kameralarda saxlanılır. Belə məhbuslar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilirlər. Onlar cəzanın icrası qaydalarını pozmadıqda və təyin olunan cəzadan 10 ilini çəkmiş olduqları halda əlavə olaraq 2 qısamüddətli, 1 uzunmüddətli 1 görüş almaq hüququ qazanırlar" - E.Səlimov əlavə edib.

İki dəfə həbsdə olmuş Rauf Ağayev (ad şərtidir - red.) Sputnik Azərbaycan-a məhbusların intim həyatından danışıb. 2005-ci ildə 1 il 8 ay olmaqla Salyanda, 2012-2015-ci illərdə isə Bakıda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış müsahibimiz bildirib ki, ailəli olduğu üçün ona həyat yoldaşı ilə görüşə icazə verilirmiş.

"Hər iki cəzaçəkmə müəssisəsində qayda-qanun çərçivəsində intim münasibətlərə icazə verilirdi. Bunun üçün dövlət rüsumu 15-20 manatdır. Subaylar isə yalnız həftədə bir dəfə ailəsi ilə görüşə bilirdilər. Lakin onlara intim münasibət üçün şərait yaradılmırdı. Çünki kəbinsiz və rəsmi nikah kağızı olmadan, heç bir halda bu, mümkün deyil" - həmsöhbətimiz qeyd edib.

R.Ağayev, həmçinin həbsxana daxilindəki arzuolunmaz vəziyyətdən də söz açıb: "Həbsxanada "üzdəniraq" adlanan kişilər vardı. Məhbus yanında bir yoldaşını da xəbərçi kimi aparmaqla "üzdəniraq" məhbusla, yəni "mavi"lərlə intim əlaqədə olurdu. Yuxarılardan bunu kimsə bilərdisə, o zaman dustaq cəzalandırılardı. "Mavi"lərlə cinsi əlaqədə olan şəxslərə heç də pis baxılmırdı. Amma onlarla eşq, məhəbbət yaşayanlara pis baxılırdı".