“Azərişıq”: Bu il abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı vahid tarif müəyyənləşdirilib


Digərləri 28 Dek 2018 11:48:00 288 0

“Azərişıq”: Bu il abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı vahid tarif müəyyənləşdirilib

2018-ci ildə həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib

Bakı. Samir Əli - Bu gün "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib ki, bu il dekabr ayının 25-də Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalaması sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində olduqca vacib addımdır: "Fərmana əsasən, sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib. Yeni fərmandan sonra sahibkar “ASAN xidmət” Mərkəzinə müraciət edən kimi yerindəcə “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən obyektin yeri müəyyənləşdiriləcək və sahibkar qısa bir zaman ərzində vahid tariflə kVt-a uyğun ödənişini edib gedəcək. Beləliklə, sahibkarla təmas birinci dəfə "ASAN xidmət"ə gələndə, ikinci dəfə isə 20 gündən sonra obyektə elektrik enerjisi verilmə anında olur. Bu Fərmanın imzalanması sahibkarların işini asanlaşdırmaqla yanaşı, 2018-ci ildə "ASAN xidmət" vasitəsi ilə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərə xüsusi töhfə verib. Ümumilikdə isə 2018-ci ildə həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib və dərhal tətbiqinə başlanılıb".